WhatsApp Image 2024 01 12 at 17.04.40 900x529 1

Dünən işdən evə gələrkən metronun “Azadlıq” stansiyasında uzun müddət təsirindən çıxa bilmədiyim bir hadisənin şahidi oldum.

Metrodan çıxarkən sağ istiqamətdə hərəkət edirdim. Qarşıdan isə hicablı bir xanım və onunla birlikdə olan bəy gəlirdi. İlk diqqətimi çəkən məqam bəyin xanımın qolundan yapışması oldu. Düşündüm ki, yəqin insan çoxluğundan onu kənara çəkməyə çalışır. Amma içimdə qəribə bir hiss yarandı və dayanıb onlara baxdım. Onlar uzaqlaşdıqca gördüm ki, bəy xanımın qolunu daha da bərk sıxır, onu silkələyir. Xanım isə qoluna vuraraq “bəsdir, incidirsən” deyir. Artıq bunun adi hərəkət yox, aqressiya, şiddət olduğunu anladım.

Dərhal qarşıda olan metropoliten əməkdaşına yaxınlaşıb vəziyyəti bildirdim və onların arxasınca getməyə davam etdim. Daha sonra polis əməkdaşlarına məlumat verdim, onlar hadisəyə müdaxilə etdi və cütlüyü saxladı.

Polis xanımdan soruşdu ki, sizə şiddət göstərilir?

İlk cavab nə olsa yaxşıdır? “Yox, elə şey olmayıb”. Mən gördüklərimi danışdıqdan sonra isə xanım etiraf etdi ki, həmin şəxs onun nişanlısıdır. Amma ardınca elə bir cümlə işlətdi ki, məni ən çox sarsıdan da bu oldu.

Dedi:

“Mən günahkaram. Günahım olduğu üçün mənimlə belə davrandı. Narahat olmayın, səhv məndədir”.

Düşündüm, bəlkə qorxur? Dedim ki, burada polis var, çəkinməyin, qorxmayın. Amma o, eyni fikri yenidən təkrarladı. Ona şiddət göstərən adamı müdafiə etməyə başladı. Mən isə ona yalnız bir cümlə dedim: Heç bir qadın, heç bir səbəbə görə şiddətə layiq deyil . Ata da, qardaş da, ər də, nişanlı da heç bir qadına əl qaldırmaq haqqına malik deyil! Şiddətin bəhanəsi olmur.

Daha sonra həmin şəxs müdaxilə edərək özünü müdafiə etməyə çalışdı. Mən isə ondan yalnız bir sual soruşdum ki, bu xanım buradan çıxandan sonra ona yenidən şiddət göstərməyəcəyinə zəmanət verə bilərmi?

Bu sualın cavabını heç kim verə bilməzdi. Məni düşündürən hadisənin özü deyil. qadının dediyi o cümlədir:

“Mən günahkaram…”.

Təəssüf ki, bu gün yüzlərlə qadın məhz belə düşünür. Döyülür, alçaldılır, təhqir olunur, amma yenə də özünü günahkar hesab edir, özünü qurban verir. Özünü yox, şiddət göstərən şəxsi müdafiə edir. Sonra da xəbərlərdə oxuyuruq ki, qadın həyat yoldaşı, sevgilisi, qayınatası, oğlu, qardaşı tərəfindən öldürüldü…

Bu xəbərlər bir günün içində yaranmır. Onların başlanğıcı çox vaxt məhz “mən şikayətçi deyiləm”, “mən günahkaram”, “əsəbiləşmişdi” kimi cümlələr olur.

Bəlkə də həmin xanımın ailəsi münasibətindən xəbərsiz idi deyə məsələnin böyüməsini istəmirdi. Bəlkə ayrılmaqdan qorxurdu. Bəlkə təhdid edilirdi. Mən bunu bilmirəm. Amma bildiyim bir həqiqət var ki, şiddət susduqca böyüyür.

Bu yazını oxuyan bütün xanımlara səslənirəm:

Əgər sizə qarşı fiziki və ya psixoloji zorakılıq varsa, bunu sevgi adı ilə qəbul etməyin. Polisə müraciət etməkdən utanmayın, çəkinməyin. Polis yalnız cinayət baş verəndən sonra deyil, cinayətin qarşısını almaq üçün də var. Onlar sizə dəstək olacaq!

Bir insanı itirməkdən qorxmayın! Sizə dəyər verməyən, sizə əl qaldıran, sizi alçaldan birini həyatınızda saxlamaq məcburiyyətində deyilsiniz.

İnsan sağlamlığını, ləyaqətini və həyatını itirdikdən sonra bunları geri qaytarmaq olmur.

Bəzən ayrılıq məğlubiyyət deyil.

Bəzən ayrılıq insanın özünü xilas etməsidir. Bəzən isə ayrılıq xoşbəxtliyin özüdür…

Əhməd Cavadın dediyi kimi:

Sən bu sərbəst göylərin sərbəstcə ulduzusan.
Qayğısız bir ölkənin qayğı bilməz qızısan.
Sərbəstdir alnındakı qıvırcıq tellərin də,
Sərbəstdir sənin kimi gün görmüş ellərin də.
Elə isə bir də coş, səsin düşsün dağlara.
Sən kimdən çəkinirsən? qız hara, susmaq hara?

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: