taleh 12

Sosioloq Yusif Nəbiyevin Globalinfo.az-a açıqlaması maraq doğurub. O, aktyor Taleh Yüzbəyovla bağlı qalmaqala rəy bildirərkən deyib ki, sosial şəbəkələrdə ajiotaj yaradan çox az bir qisimdir.

Sitat: “Məlum reklamla bağlı onlayn sorğu keçirdik, 1800-dən çox respondentdən Taleh Yüzbəyovun üzr istəməli və ya istəməməli olduğu soruşuldu. 81 faiz iştirakçı “ehtiyac yoxdur” cavabını, 19 faiz iştirakçı isə “üzr istəməlidir” cavabını seçdi. Amma sosial şəbəkələrdə 19 faizin səsi, rəyi daha çox görünür. Nəzərə alsaq ki, iştirakçı sayı kifayət qədər çoxdur, əminliklə deyə bilərik ki, bu təqribi 80-20 nisbəti bütün cəmiyyətimizin düşüncə tərzini əks etdirir. Məsələnin problemli yönü də məhz burada üzə çıxır. Cəmiyyətdə sayca azlıqda olan kütlənin etiraz gücü və diqtəedici təsiri daha böyükdür. Bu isə cəmiyyətdə ciddi qütbləşmə və qarşıdurma yarada biləcək hallardır”.

Cəmiyyətdə sayca az olan, amma daha fəal etiraz edən qrupların gündəmə təsiri niyə daha güclü olur? Belə qrupların təsirinin artması cəmiyyətdə qütbləşməni dərinləşdirə bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib ki, əksinə, cəmiyyətdə sayca az olan qruplar və şəxslər geniş təsir imkanlarına malik deyillər:

“Burada söhbət daha çox intellektual təsirdən gedir. Çünki yazan, fikir bildirən və ictimai müzakirələrdə iştirak edən əsasən bu təbəqənin üzvləridir. Bununla yanaşı, alimdən çox hansısa mollanı üstün tutan, əxlaqsızlığa qarşı çıxanlara qarşı isə kütləvi şəkildə əxlaqsızlığı müdafiə edən böyük bir çoxluq mövcuddur.

fazil mustafa

Fazil Mustafa

Belə bir mühitdə intellektual azlığın bu çoxluğun qarşısında dayanması ciddi çətinlik yaradır. Cəmiyyətin dəyərlərinin deformasiyaya uğraması və təhsilin zəifləməsi nəticəsində xurafatın və cəhalətin müdafiəçilərinin sayı onlara qarşı çıxanlardan daha çoxdur. Burada söhbət həm dini, həm də siyasi xurafatdan gedir. Buna görə də cəmiyyətə sağlam düşüncə aşılayan intellektual azlığın daha güclü olmasına ehtiyac var”.

Deputat bildirib ki, mənəvi dəyərlərə zidd yanaşmalar cəmiyyətdə daha çox dəstək qazanır, vicdanlı insanların əksəriyyəti isə passiv mövqe tutur:

“Onlar vəziyyətin öz-özünə düzələcəyini gözləyir, lakin dəyişiklik üçün fəal mövqe sərgiləmir, çətinliklərə və təzyiqlərə qarşı dayanmağa iradə göstərmirlər. Fikrimcə, əsas müzakirə edilməli məsələ də məhz budur. Cəmiyyətin qütbləşməsi dünyanın bir çox ölkəsində müşahidə olunan prosesdir. Ancaq bizdə savadsız kəsimin arxasında savadsız, lakin diplomlu ziyalıların dayanması əlavə problem yaradır. Onlar titul etibarilə ziyalı sayılsalar da, mahiyyət etibarilə qaragüruhun yazı yaza bilən nümayəndələrinə çevrilirlər. Buna görə də daha çox kütlənin düşüncəsini paylaşmağa üstünlük verirlər. Çünki həmin kütlənin rəğbətini itirməkdən çəkinirlər. Bu səbəbdən də belə məsələlər daha geniş müzakirə olunmalıdır. Əks halda, bu amil cəmiyyətin daha təhlükəli istiqamətə yönəlməsində mühüm rol oynaya bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: