es1

Son vaxtlar yol-nəqliyyat hadisələri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və bunun doğurduğu ağır nəticələrdir. Xüsusilə yaxınlıqda piyada keçidi olsa belə, bir çox insanın yolu keçiddən kənar hissədən keçməsi həm öz həyatını riskə atır, həm də sürücülər üçün ciddi problemlər yaradır. Qanunvericilikdə piyadaların qaydaları pozmasına görə cərimələr nəzərdə tutulsa da, bu halların qarşısını tam almaq mümkün olmur. Əksəriyyət isə piyada keçidlərinin uzaqda yerləşməsindən şikayət edir.

Bəs qəzaların sayını azaltmaq üçün cərimələr artırılmalıdırmı? Piyada keçidlərinin sayı çoxaldılmalıdırmı?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu cür məsələlər emosional deyil, rasional şəkildə qiymətləndirilməli və peşəkar yanaşma tətbiq olunmalıdır:

“Hər hansı problem varsa, onu təhlil etmək üçün qəza ocaqlarının xəritəsi hazırlanmalıdır. Qəzalar şəhərdaxili, yaşayış məntəqələri daxilində və şəhərdən kənarda baş verən hadisələr kimi ayrılmalıdır. Çünki bunlar fərqli infrastrukturlardır və yanaşmalar da fərqli olmalıdır. Şəhərdə yeni yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi nəzərdə tutulmur. Bu halda ilk növbədə piyada infrastrukturu abadlaşdırılmalıdır. Bununla bağlı 2025-2030-cu illəri əhatə edən dövlət proqramında da müvafiq müddəalar yer alıb. Səkilər yenilənməli, inklüzivlik təmin edilməli, qısa piyada marşrutları üçün eyni səviyyəli, işıqforla nizamlanan keçidlər yaradılmalıdır”.

Ekspert qeyd edib ki, dünyanın müxtəlif şəhərlərində yol təhlükəsizliyini artırmaq üçün trafik sakitləşdirici elementlərdən istifadə olunur:

“İki zolaqdan artıq olan yollarda təhlükəsizlik adacıqları yaradılır, zolaqlar ensizləşdirilir, kontrast işıqlandırma tətbiq edilir. Bu tədbirlər qəza baş versə belə, onun ağırlığını azaldır. Digər vacib məsələ isə keçidlərin sayının artırılmasıdır. Keçidlər çox, səkilər abad olduqda insanlar da daha nizamlı hərəkət edirlər. Keçid olmadıqda isə daha qısa yol axtarırlar və bəzən bu, faciə ilə nəticələnir. Bu gün bəzi küçə və prospektlər sürətli magistrallara çevrilib ki, bu da şəhər mühiti üçün təhlükəlidir. Əgər insan yönümlü şəhər konsepsiyasına keçid elan olunubsa, trafik sakitləşdirilməli, işıqforların və zebra tipli keçidlərin sayı artırılmalı, səkilər abadlaşdırılmalıdır”.

WhatsApp Image 2026 04 21 at 14.34.20

Rauf Ağamirzəyev

R.Ağamirzəyevin sözlərinə görə, şəhərdən kənarda yanaşma fərqli olmalıdır:

“Burada yeraltı keçidlər olmalıdır. Lakin onlar əlçatan, işıqlı və təhlükəsiz şəkildə inşa edilməlidir. Uşaq və əlil arabasından istifadə edən insanlar, eləcə də mikromobillik vasitələri ilə hərəkət edənlər üçün rahat şərait yaradılmalıdır. Mövcud problem həm mikro, həm də makro səviyyədə təhlil tələb edir. İnsanların davranışının səbəblərini araşdırmaq lazımdır. Səbəb yalnız cərimələrin az tətbiq olunması deyil. Əsas problemlərdən biri infrastrukturun təkmil olmamasıdır. Səkilər davamlı deyil, baryerlərlə doludur, keçidlər əlçatan deyil və onların sayı azdır”.

Ekspert şəhərdə müsbət nümunələrin də olduğunu bildirib:

“Məsələn, İslam Səfərli küçəsi piyadalaşdırılıb və onu Qış Parkı ilə birləşdirən zebra tipli keçid salınıb. Bu yanaşma Füzuli küçəsində və Rus Dram Teatrı  istiqamətində də tətbiq edilməlidir. Çünki burada böyük piyada axını var və onun təhlükəsiz təşkili üçün işıqforla nizamlanan zebra keçidləri vacibdir. Bu yaxınlarda Rusiyanın şəhərlərindən birində işıqforlu keçidlərdə velosiped və piyada hərəkəti üçün paralel imkan yaradıldığını gördüm. Düşünürəm ki, belə həllərə bizdə də ehtiyac var. Əks halda, hərəkət axınları bir-birinə qarışacaq və xaotik vəziyyət davam edəcək”.

1 23

Rusiya

Rauf Ağamirzəyev vurğulayıb ki, zebra tipli keçidlərin və işıqforların sayı artırılmalı, səkilərin abadlaşdırılması isə sistemli şəkildə həyata keçirilməlidir:

“Hazırda müəyyən işlər görülür, lakin bunu sistemli hala gətirmək lazımdır. Küçələr hissə-hissə abadlaşdırılsa da, hər iki tərəfdə piyadaların fasiləsiz hərəkəti təmin olunmalıdır. İşlər ayrı-ayrı nöqtələr üzrə deyil, vahid konsepsiya əsasında həyata keçirilməlidir”.

Ekspert əlavə edib ki, burada vacib məsələlərdən biri işlərin koordinasiyalı şəkildə həyata keçirilməsidir:

“İlk növbədə, icra hakimiyyətlərinin üzərinə düşən məsələ səkilərin abadlaşdırılması, maneələrdən azad edilməsi və onların zəbt olunmasına qarşı tədbirlərin görülməsidir. Digər məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) koordinasiyalı fəaliyyətidir. Buraya eyni səviyyəli yeni zebra tipli piyada keçidlərinin təşkili, piyada axınına və real ehtiyaca uyğun olaraq müəyyən ərazilərdə işıqforların quraşdırılması və tənzimlənməsi daxildir. Keçid bəzi yerlərdə işıqforsuz, bəzi yerlərdə düyməli işıqforla, digər yerlərdə isə ənənəvi işıqforla təşkil oluna bilər. Konkret həll ərazinin xüsusiyyətinə və piyada axınına uyğun seçilməlidir. Lakin burada hər üç element bütöv sistemin vacib hissəsidir: səkilərin abadlaşdırılması, eyni səviyyəli piyada keçidlərinin təşkili və ehtiyac olan yerlərdə işıqforların quraşdırılması. Çünki istənilən müraciət zamanı, istər NİİM, istərsə də AYNA tərəfindən zebra tipli piyada keçidinin təşkili ilə bağlı əsas arqumentlərdən biri həmin ərazidə səkinin olmamasıdır. Buna görə də səkinin mövcudluğu və onun hansı vəziyyətdə olması son dərəcə vacibdir. Səki yalnız mövcud olmamalı, həm də baryersiz və hər kəs üçün əlçatan olmalıdır. Avropada buna “baryersiz mühit” deyilir. Belə bir mühitdə insan heç kimin köməyinə ehtiyac duymadan rahat hərəkət edə bilir. Onun fiziki imkanlarının necə olması, yaşlı və ya gənc olması fərq etmir. Hər kəs eyni küçədə rahat hərəkət edə və küçənin bir tərəfindən digər tərəfinə yerin altına enmədən və ya yerüstü keçidə qalxmadan, eyni səviyyədə təhlükəsiz şəkildə keçə bilir. Bu yanaşma həm inklüzivliyi və baryersiz mühiti, həm də təhlükəsiz və nizamlı hərəkəti təmin edir”.

2 8 233

Rusiya

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: