tel eviv baki ankara 1

İsrailin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı sənədi Knessentə təqdim etməsi Türkiyə ilə yanaşı, Azərbaycanda da birmənalı qarşılanmayıb.

“The Jerusalem Post” nəşrinin məlumatına görə, Azərbaycanın İsraildəki səfiri bu səbəbdən ölkəni tərk edib. Lakin səfirin məsləhətləşmələr üçün Bakıya çağırılıb-çağırılmadığını və ölkədən ayrılması ilə bağlı xəbəri hələlik rəsmi qurumlar təsdiqləməyib.

Yayılan iddialar nə dərəcədə doğrudur? Azərbaycan-İsrail münasibətləri korlana bilərmi? Türkiyəyə qarşı düşmənçilik siyasəti ölkəmizdə necə qarşılandı?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycan tərəfi İsraili qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə yenidən baxmağa çağırır:

“Azərbaycan seçim qarşısında qalarsa, bu, İsraillə münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Lakin belə bir ehtimal çox aşağıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da vurğulanır ki, Ankaranın Qəzza siyasətinə reaksiya verməsi təbii yanaşmadır. Bunun fonunda Türkiyəni qondarma “erməni soyqırımı” ilə ittiham etmək Azərbaycanın İsraillə münasibətlərinə zərər vura bilər. Çünki Türkiyə üçün milli maraqlar və tarixi həqiqətlər qırmızı xətdir. Bu baxımdan Azərbaycan konkret mövqe ortaya qoymaq zərurəti ilə üzləşərsə, Türkiyəni tərəddüdsüz müdafiə edəcək. Məhz buna görə də Azərbaycanda bu proses etiraz və narazılıqla qarşılanır”.

eziz elibeyli esas 900x600 1
Əziz Əlibəyli

Ekspert bildirib ki, Bakının bu mövqeyini Azərbaycandakı yəhudi icmalarının Knessetə müraciəti də gücləndirir:

Azərbaycan kifayət qədər ciddi mövqe ortaya qoya bilər ki, bu da İsrail üçün arzuolunmaz nəticələr doğurar. İsraildəki səfirin geri çağırılması ilə bağlı məlumata gəlincə, bu xəbər təsdiqlənmədiyi üçün belə ciddi mövzuda fikir bildirmək düzgün deyil”.

Qeyd edək ki, Azərbaycan və İsrail tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ləman İmran
Globalinfo.az

Paylaş: