Bu il Beyləqan rayonunda şəkər çuğunduru becərən yüzlərlə fermer gözlədiyi məhsulu əldə edə bilməyib. Normal şəraitdə hektardan 40–90 ton, yüksək aqrotexniki şəraitdə isə 100 tona qədər məhsul götürmək mümkün olduğu halda, rayonun bir çox təsərrüfatlarında məhsuldarlığın cəmi 10-15 ton olması fermerləri ağır maliyyə vəziyyətinə salıb.
Şəkər çuğunduru Azərbaycanda strateji texniki bitkilərdən biridir və ölkədə yeganə şəkər istehsalı müəssisəsi olan İmişli Şəkər Zavodunun əsas xammal mənbəyidir. Zavodun emal gücü sutkada 10 min tona çatdırılıb və son illərdə fermerlərin bu sahəyə cəlb olunması üçün müxtəlif dəstək proqramları həyata keçirilir.
Lakin Beyləqanda bu il baş verən hadisələr fermerlərin həmin əməkdaşlıq modelinə inamını ciddi şəkildə sarsıdıb.
Fermerlər nə deyirlər?
Fermerlərin iddiasına görə, əkin üçün onlara təqdim edilən toxumlar şəkər çuğunduruna xas olmayan inkişaf xüsusiyyətləri göstərib. Onların sözlərinə əsasən, normal halda 25-30 santimetr hündürlüyündə yarpaq rozetinə malik olmalı olan bitkilərin yerüstü hissəsi təxminən 2 metrədək uzanıb.
Belə inkişaf nəticəsində bitki əsas enerjisini kök yumrusunun formalaşmasına deyil, gövdə və yarpaq kütləsinin inkişafına sərf edib. Nəticədə kök yumruları kiçik qalıb və məhsuldarlıq gözlənilən səviyyədən bir neçə dəfə aşağı düşüb.
Fermerlər bildirirlər ki, şəkər zavodunun mütəxəssisləri vegetasiyanın erkən mərhələsində sahələrə baxış keçirərkən toxumla bağlı problem ehtimalını özləri də dilə gətiriblər. Onların iddiasına görə, buna baxmayaraq fermerlərə əkini dayandırmaq və ya yenidən səpin aparmaq barədə rəsmi xəbərdarlıq edilməyib. Əksinə, bütün aqrotexniki tədbirlərin davam etdirilməsi, xərclərin çəkilməsi və mövsüm sonunda hesablaşma aparılacağı bildirilib.
Lakin məhsul yığımından sonra fermerlərin sözlərinə görə, məsuliyyət onların üzərinə yönəldilməyə başlanıb.
Rəsmi aqrotexniki tələblər nə deyir?
Şəkər çuğundurunun becərilməsi üzrə aqrotexniki qaydalara əsasən, səpin zamanı yalnız yüksək reproduksiyalı hibrid toxumlardan istifadə edilməlidir. Laboratoriya cücərmə qabiliyyəti ən azı 90 faiz, toxumun təmizliyi isə minimum 98 faiz olmalıdır. Əkin materialı sertifikatlaşdırılmış, xəstəliklərə qarşı dərmanlanmış və keyfiyyət göstəricilərinə cavab verməlidir.
Eyni mənbədə qeyd olunur ki, düzgün becərmə şəraitində hektarda təxminən 100 min bitki sıxlığı saxlanılmalı və 600–700 sentner (60–70 ton) məhsul əldə etmək mümkündür.
Bu göstəricilər Beyləqanda fermerlərin iddia etdiyi 10-15 tonluq məhsuldarlıqla müqayisədə 4-6 dəfə yüksəkdir.
Beyləqanın potensialı əvvəllər sübut olunub
Maraqlıdır ki, rəsmi məlumatlar Beyləqan rayonunun şəkər çuğunduru üçün əlverişli bölgə olduğunu göstərir.
Rayon İcra Hakimiyyətinin əvvəlki illərə aid məlumatlarında qeyd edilir ki, Beyləqanda məhsuldar sortlardan istifadə olunaraq aqrotexniki qaydalara tam əməl edilir və yüksək məhsuldarlıq əldə olunur.
2020-ci ildə isə Beyləqanda orta məhsuldarlıq hər hektardan 497 sentner (49,7 ton) təşkil edib.
Bu fakt onu göstərir ki, rayonun torpaq-iqlim şəraiti normal məhsul əldə etməyə imkan verir. Əgər bu il eyni ərazilərdə məhsuldarlıq 10-15 tona düşübsə, bunun səbəbləri elmi əsaslarla araşdırılmalıdır.
Problem yalnız aqrotexnikadadırmı?
Əgər eyni rayonun müxtəlif kəndlərində, oxşar torpaq və suvarma şəraitində fəaliyyət göstərən çoxsaylı fermerlərdə eyni problem müşahidə olunursa, məsələni yalnız aqrotexniki səhvlərlə izah etmək çətin görünür.
Fermerlərin iddiaları doğru olarsa, araşdırılmalı əsas məsələlər bunlardır:
– istifadə olunan toxum partiyalarının mənşəyi;
– toxumların sertifikatları və laborator analizləri;
– sortun bölgənin iqliminə uyğunluğu;
– toxum partiyaları arasında qarışma və ya səhv etiketlənmə ehtimalı;
– vegetasiya dövründə aparılmış müşahidələrin rəsmi sənədləri.
Bu məsələlər yalnız müstəqil laboratoriya ekspertizası ilə dəqiq müəyyən edilə bilər.
İqtisadi zərər
Şəkər çuğunduru ən çox xərc tələb edən kənd təsərrüfatı bitkilərindəndir. Torpaq hazırlığı, toxum, mineral gübrələr, pestisidlər, suvarma, texnika və əmək xərcləri hər hektar üzrə böyük investisiya tələb edir.
Fermer gözlənilən məhsulun cəmi dörddə biri qədər məhsul götürdükdə, gəlir xərcləri ödəmir. Nəticədə kənd təsərrüfatı kreditlərinin qaytarılması, növbəti mövsüm üçün vəsaitin formalaşdırılması və ailələrin gəlirləri ciddi risk altına düşür.
Çıxış yolu nədir?
Beyləqanda yaranmış vəziyyət emosiyalarla deyil, elmi və hüquqi əsaslarla araşdırılmalıdır.
Əgər problem həqiqətən toxumdan qaynaqlanıbsa, məsuliyyət müəyyən edilməli və fermerlərin zərərinin kompensasiya olunması mexanizmləri hazırlanmalıdır.
Əgər səbəb başqa amillərlə bağlıdırsa, bu da müstəqil ekspertiza vasitəsilə şəffaf şəkildə sübut edilməlidir.
İstənilən halda, belə genişmiqyaslı məhsuldarlıq itkisi kənd təsərrüfatı üçün ciddi siqnaldır. Fermerlə emal müəssisəsi arasında etimadın qorunması, toxum təminatına ciddi nəzarət və operativ qərarların qəbul edilməsi gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün vacib şərtlərdir.
Beyləqan hadisəsi artıq təkcə bir rayonun problemi deyil. Bu, Azərbaycanda müqaviləli kənd təsərrüfatı modelinin şəffaflığı, toxum təminatının keyfiyyəti və fermer hüquqlarının qorunması baxımından ciddi sınaq kimi qiymətləndirilməlidir.
Akif Nəsirli
Globalinfo.az