İqtisadçı Natiq Cəfərli deyib ki, bir çox tenderlərdə qiymətlərin süni şəkildə şişirdilməsi halları müşahidə olunur.
Sitat: “Dövlət büdcəsi hesabına maliyyələşdirilən təmir-tikinti işləri üzrə müqavilələr bağlanır, lakin sonradan görülən işlərin və istifadə olunan materialların dəyəri süni şəkildə artırılır. Təxminən hər 10 müqavilədən 4-də belə hallara rast gəlinir, tender şərtləri isə qalib şirkətin xeyrinə pozulur. Çox vaxt tenderi keçirənlə onu udan tərəf eyni şəxs və ya eyni maraq qrupuna bağlı olur. Bəs bu hallara görə indiyədək neçə məmur və ya vəzifəli şəxs cəzalandırılıb?”
N.Cəfərli bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun açıqlamalarına istinadən səsləndirib.
Həqiqətənmi, tenderi təşkil edənlə onu qazanan tərəf eyni şəxs və ya eyni maraq qrupunu təmsil edə bilər? Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu sahədə hansı model daha səmərəli hesab olunur?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, qanunvericilik baxımından tender komissiyasının üzvü və ya sifarişçi qurumun vəzifəli şəxsi, qalib şirkətin sahibi və ya nümayəndəsi ola bilməz:
“Əgər belə bir əlaqə varsa və sübuta yetirilibsə, bu, birbaşa korrupsiya sayılır. Tender sistemi dövlət vəsaitinin ən böyük xərcləmə mexanizmlərindən biridir. Təəssüf ki, bu sahədə müxtəlif maxinasiyaların olduğu danılmaz faktdır. Ölkəmizdə tender çox vaxt formal xarakter daşıyır, digər iştirakçılar yalnız proseduru tamamlamaq üçün iştirak edirlər”.
V.Əhmədova deyib ki, qalib şirkətlərin sifarişçi qurumun rəhbərliyi və ya onlarla əlaqəli şəxslər olduğu çoxlarına məlumdur:
“Bir-biri ilə əlaqəli hüquqi şəxslər tenderdə ayrı-ayrı iştirakçı kimi çıxış edir və rəqabət görüntüsü yaradırlar. Hüquqi baxımdan ən təhlükəli hallardan biri məhz budur. Tender qərarını verən şəxslərlə qalib şirkətin faktiki sahibləri arasında ailə, biznes və ya digər bağlılıqların mövcudluğu. Buna görə də, inkişaf etmiş ölkələrdə benefisiar sahiblik barədə məlumatların açıqlanması əsas antikorrupsiya alətlərindən biri hesab olunur. Həmçinin, tender şərtlərinin müəyyən şirkətin üstünlük qazanacağı şəkildə hazırlandığı faktlar da var. Texniki şərtlər əvvəlcədən müəyyən şirkətə uyğun hazırlanır. Məsələn, ixtisas tələbləri, maliyyə dövriyyəsi, əvvəlki iş təcrübəsi və digər meyarlar elə müəyyən edilir ki, faktiki olaraq yalnız bir şirkət həmin şərtlərə cavab verə bilir. O cümlədən, müqavilə bağlandıqdan sonra qiymət artımları və ya əlavə işlər hesabına yekun xərclərin yüksəldilməsi həyata keçirilir”.
Vüsalə Əhmədova
İqtisadçının sözlərimə görə, ən geniş yayılmış risklərdən biri də, qiymət şişirtməsidir:
“Bazarda xeyli aşağı qiymətə əldə edilə bilən mal və ya xidmət dövlət büdcəsi hesabına daha yüksək məbləğə rəsmiləşdirilir. Xüsusilə tikinti, əsaslı təmir, avadanlıq və xidmət satınalmalarında sonradan əlavə işlər rəsmiləşdirilir və beləcə müqavilə məbləği artırılaraq dövlət vəsaiti talanır. Tək bir tədbirlə bütün problemi kökündən həll etmək olar desək yalan olar. Ancaq beynəlxalq təcrübədə ən effektiv hesab olunan addımlardan biri tam şəffaf elektron satınalma sisteminin qurulmasıdır. Tender sənədləri və qiymətləndirmə meyarları, bütün iştirakçılar və təklif qiymətləri ictimaiyyətə tam açıq dərc edilməlidir”.
Vüsalə Əhmədovanın fikrincə, qalib şirkətlərin həqiqi sahibləri açıqlanmalıdır:
“Şirkətin arxasında kimin dayandığı bilinmədikcə maraqların toqquşmasını aşkar etmək çətinləşəcək. Məsələn, Cənubi Koreyada vahid elektron satınalma platforması ilə tender prosesinin böyük hissəsi avtomatlaşdırılıb. Yəni yalnız tender elanının deyil, bütün satınalma prosesinin izlənməsinə imkan verilir. Hər bir əlavə saziş, qiymət dəyişikliyi, görülən işlərin həcmi və yekun ödəniş ictimaiyyət üçün açıq məlumat bazasında yerləşdirilməlidir. Müstəqil audit və ictimai nəzarət olmalıdır. Audit orqanlarının aşkar etdiyi pozuntular yalnız hesabatlarda qalmamalı, hüquqi nəticələr doğurmalıdır. Yaxşı olardı ki, elektron satınalma sistemində süni intellekt və risk indikatorlarından istifadə edilsin”.
Zaira Akifqızı
Globalinfo.az