Son dövrlərdə sosial şəbəkələrin uşaqlar və yeniyetmələr arasında geniş yayılması onların psixoloji və sosial inkişafına təsirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, 16 yaşadək şəxslərin sosial şəbəkələrdə hesab açmasına icazə verilməyəcək, 16-18 yaş arası isə yalnız valideyn icazəsi ilə qeydiyyatdan keçə biləcək. Qanunvericilikdəki dəyişikliklər uşaqların rəqəmsal mühitin zərərli təsirlərindən qorunması məqsədi daşıyır və beynəlxalq təcrübəyə uyğun addım kimi qiymətləndirilir.
Qanunda nəzərdə tutulan yaş yoxlaması və məhdudiyyətlər sosial şəbəkələrin zərərli təsirlərinin qarşısını almaq üçün kifayət edəcəkmi?
Globalinfo.az-a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, qanunlarda nəzərdə tutulan yaş məhdudiyyəti və yaşın yoxlanılması mexanizmi mühüm addımdır:
“Bununla birlikdə rəqəmsal təhlükəsizlik yalnız hüquqi qadağalarla deyil, həm də ailə, məktəb və platformaların birgə məsuliyyəti ilə təmin oluna bilər. Sosial şəbəkələrdə uşaqların zərərli məzmuna, kibertəzyiqə, onlayn zorakılığa, şəxsi məlumatların yayılmasına və müxtəlif psixoloji manipulyasiyalara məruz qalma riski yüksəkdir. Bu baxımdan, 16 yaşadək uşaqlar üçün məhdudiyyətlərin tətbiqi onların sağlam psixoloji inkişafının qorunmasına xidmət edir və bir çox ölkədə formalaşan beynəlxalq yanaşmaya uyğundur”.
Müşfiq Məmmədli
Deputatın sözlərinə görə, yaş yoxlanılması sisteminin effektivliyi xüsusi əhəmiyyət daşıyır:
“Əgər texniki nəzarət mexanizmləri kifayət qədər etibarlı olmazsa, yaşın yanlış göstərilməsi ilə bu məhdudiyyətləri aşmaq mümkün olacaq. Buna görə də sosial şəbəkə platformalarının üzərinə də ciddi öhdəliklər qoyulur. Yaş təsdiqi mexanizmləri müasir texnologiyalar əsasında təkmilləşdirilməlidir”.
M.Məmmədlinin fikrincə, digər vacib məsələ rəqəmsal savadlılığın artırılmasıdır:
“Valideynlər və müəllimlər uşaqların internetdən təhlükəsiz istifadəsi barədə məlumatlandırılmalı, məktəblərdə rəqəmsal təhlükəsizlik və media savadlılığı ilə bağlı maarifləndirici proqramlar genişləndirilməlidir. Valideyn nəzarəti və ailədaxili ünsiyyət bu sahədə ən təsirli qoruyucu amillərdən biridir. Nəticə etibarilə, qanun mühüm hüquqi çərçivə yaradır və uşaqların müdafiəsi istiqamətində əhəmiyyətli addımdır. Ancaq onun real nəticə verməsi üçün effektiv texniki nəzarət, platformaların məsuliyyəti, maarifləndirmə tədbirləri və valideyn iştirakının paralel şəkildə gücləndirilməsi zəruridir. Bu halda uşaqları rəqəmsal mühitin zərərli təsirlərindən daha etibarlı şəkildə qorumaq mümkün olacaq”.
Zaira Akifqızı
Globalinfo.az