Layihənin əsl döyüş meydanı iqtisadiyyatdır!
“Qızıl Günbəz” layihəsi ABŞ tarixinin ən bahalı hərbi proqramlarından biri olmaq potensialına malikdir. Ağ Evin ilkin hesablamalarına görə, xərclər 175 milyard dollar olaraq müəyyən edilib. Lakin müstəqil ekspert qurumu olan ABŞ Konqresinin Büdcə İdarəsi daha ehtiyatlı rəqəm ortaya qoyur: layihə 20 il ərzində tamamlana bilər və xərclər 500 milyard dollara çata bilər. Bu fərq özlüyündə ciddi siqnaldır, çünki ABŞ hərbi-texnoloji layihələrinin tarixi büdcə aşırımları ilə doludur.
Silahlanma yarışının iqtisadi mexanizmi
Layihənin rəqiblər üzərindəki iqtisadi təzyiq mexanizmi sadədir: bir tərəf müdafiə sistemi qurduqda, digər tərəf öz hücum potensialını qorumaq üçün kompensasiya xərcləri çəkməyə məcbur olur. Bu halda Rusiya və Çin bir neçə istiqamətdə əlavə investisiya etməli ola bilər:
– Mövcud ballistik raketlərin sayının artırılması
– Hipersəs silahlarının sürətləndirilmiş inkişafı
– Peyk əleyhinə kosmik silahlar
– Elektron müharibə sistemlərinin gücləndirilməsi
Bütün bu istiqamətlər onlarla, bəzən yüzlərlə milyard dollar tələb edir.
Rusiya və Çinin fərqli iqtisadi mövqeyi
Burada ən mühüm iqtisadi fərq aydın görünür. 1980-ci illərdə SSRİ artıq struktur baxımından iqtisadi böhran içində idi. Neft gəlirlərindən asılı, texnoloji inkişafı yavaşlamış və mərkəzləşdirilmiş planlaşdırma sistemi tıxanmış bir iqtisadiyyat hərbi xərclərin artan yükünü daşıya bilmirdi. Silahlanma yarışı Sovet büdcəsinə əlavə yük yaratdı və bu, mövcud böhranı daha da dərinləşdirdi.
Çin isə tamamilə fərqli iqtisadi mövqedədir. ÜDM həcminə görə dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin, eyni zamanda qlobal istehsalın mərkəzidir. Yarımkeçirici, süni intellekt və kosmik texnologiyalar sahəsindəki sürətli inkişafı nəzərə alındıqda, Çinin yeni silahlanma yarışının xərclərini öz iqtisadiyyatına daha az zərərlə qarşılaya biləcəyi aydınlaşır.
Rusiyanın iqtisadi mənzərəsi daha mürəkkəbdir. Rusiya iqtisadiyyatı həcm etibarı ilə Çin və ABŞ-la müqayisəyə gəlmir. Üstəlik, Ukrayna müharibəsinin yaratdığı sanksiyalar, kapital axını və resurs itkisi artıq iqtisadiyyatı gərginlik altına alıb. Bu şəraitdə əlavə hərbi xərclər Rusiyanın büdcə tarazlığını daha da çətinləşdirə bilər.
ABŞ-ın öz iqtisadi riski
Layihə yalnız rəqiblər üçün deyil, ABŞ üçün də ciddi iqtisadi risklər daşıyır. 500 milyard dollarlıq potensial xərc federal büdcə üzərindəki mövcud təzyiqi artıracaq. ABŞ-ın dövlət borcu artıq 30 trilyon dolları keçib və faiz xərcləri federal büdcədə getdikcə daha böyük pay tutur. Belə bir mühitdə yeni qiqant bir layihəyə böyük resurs ayırmaq alternativ xərclərin, yəni infrastruktur, səhiyyə, təhsil investisiyalarının azalması deməkdir.
Bundan başqa, ABŞ hərbi texnologiya layihələrinin tarixi göstərir ki, ilkin büdcə proqnozları demək olar ki, həmişə aşılır. F-35 qırıcı proqramı, Littoral Combat Ship layihəsi kimi nümunələr xərclərin necə idarəolunmaz şəkildə böyüyə biləcəyini ortaya qoyur.
Kosmik iqtisadiyyatın rolu
Layihənin diqqətçəkən bir iqtisadi ölçüsü də kosmik sənaye üzərindəki təsiridir. Yüzlərlə peyki orbitə yerləşdirmək üçün böyük istehsal gücü tələb olunur. Bu, “SpaceX” kimi özəl kosmik şirkətlər üçün böyük iqtisadi imkan yarada bilər. Eyni zamanda, peyk istehsalı, raket buraxılışları və texnik xidmət sahəsindəki iş yerləri Amerikanın texnoloji sənayesinə əhəmiyyətli töhfə verə bilər. Belə ki, layihənin bir hissəsi birbaşa iqtisadi stimul funksiyası da daşıyır.
Nəticə etibarı ilə iqtisadi baxımdan “Qızıl Günbəz” layihəsi üçtərəfli maliyyə dinamikası yaradır: ABŞ-a yüksək xərc, Rusiyaya nisbi yük, Çinə isə idarə oluna bilən rəqabət təzyiqi. 1980-ci illərin ssenarisi yalnız bir tərəfin iqtisadi zəifliyi ilə birləşdikdə işə yaradı. Bu gün Çin kimi güclü bir rəqibin meydanda olması həmin ssenarinin tam təkrarını mümkün etmir. Daha real ehtimal odur ki, dünya yeni, uzunmüddətli və son dərəcə bahalı bir texnoloji silahlanma yarışının astanasındadır. Bu yarışı texnoloji deyil, iqtisadi dözümlülüyü daha yüksək olan udacaq. Mübaliğəli desək, uçurmaq istədiyi divar (Çin) ABŞ-ın başına uça bilər…
Akif NƏSİRLİ
Globalinfo.az