WhatsApp Image 2025 09 26 at 15.17.11

Rusiya-Almaniya münasibətlərində gərginlik artır. Belə ki, Almaniya Litvaya əlavə hərbçilər göndərir, Polşada isə artıq hərbi qüvvələrini yerləşdirib. Almaniya kansleri Fridrix Merz xarici işlər nazirləri Sergey Lavrov və Yohann Vadeful arasında keçirilən görüşdən sonra Moskvanı danışıqlara hazır olmamaqda ittiham edib. Bu açıqlamalar fonunda Rusiya ilə bağlı siyasi-diplomatik danışıqların dalana dirəndiyi görünür.

Baş verənlər Almaniya ilə Rusiya arasında müharibənin başlayacağını proqnozlaşdırmağa əsas verirmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Almaniya Litvaya fokuslanıb və əsas addım kimi İkinci Dünya müharibəsindən sonra ilk dəfə xaricdə daimi briqada saxlamağa başlayıb:

“Almaniya 45-ci tank briqadasını Litvaya göndərib. Burada təxminən 4 800 hərbçi və 200-300 mülki şəxsin yerləşdirilməsi nəzərdə tutulur. Hərbi bazanın isə 2027-ci ilin sonuna qədər tikilməsi planlaşdırılır. Bu baza Belarus sərhədindən təxminən 30 kilometr məsafədə yerləşəcək. Merz də noyabr ayında Vilnüsdə açıq şəkildə bildirib ki, Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin olunması Almaniyanın əsas vəzifələrindən biridir. Məsələnin digər vacib məqamı Almaniyada hərbi xidmətlə bağlıdır. Əvvəlcə ordu könüllü əsasda xidmət etmək istəyən şəxslərin cəlb olunmasına çalışdı, lakin bu istiqamətdə kifayət qədər sayda hərbçi toplamaq mümkün olmadı. İndi isə məcburi hərbi xidmət mexanizmi vasitəsilə orduya daha çox əsgər cəlb edilməsi nəzərdə tutulur”.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Ekspert xatırladıb ki, Almaniya hələ 2022-ci ildə “Zeitenwende”, yəni dönüş siyasətini elan edib:

“Bununla ölkənin Avropanın ən güclü qeyri-nüvə ordusuna çevrilməsi hədəfi ortaya qoyulub. Lavrov isə bu prosesi narahatedici adlandırıb. O bildirib ki, Almaniya XX əsrdə iki dəfə Avropanın əsas hərbi güclərindən birinə çevrilib və hər iki halda dünya müharibəsi baş verib, lakin Rusiya buna üçüncü dəfə imkan verməyəcək”.

Ə.Əlibəyli bildirib ki, Almaniya ilə Rusiya arasında ikitərəfli müharibədən daha çox Rusiya-NATO qarşıdurması ehtimal olunur:

“NATO doktrinasında Rusiyanın mümkün hücumlarının qarşısının alınması üçün üzv ölkələrin müdafiə imkanlarından istifadə nəzərdə tutulur və Almaniya da bu çərçivədə əsas elementlərdən biridir. Məsələn, Almaniya hərbçilərinin yerləşdiyi əraziyə Rusiyanın hücumu baş verərsə, bunun NATO-nun kollektiv müdafiə mexanizmlərini işə salıb-salmayacağı ayrıca ciddi sualdır. Hazırda hibrid qarşıdurmalar da xüsusi əhəmiyyət daşıyır. Avqust ayında bunun nümunələrini də gördük. Rusiya Ukrayna ərazisində müxtəlif partlayıcı dronlardan geniş istifadə edir. Almaniyada isə hava limanları kimi strateji obyektlərdə bu istiqamətdə müəyyən problemlər və insidentlər müşahidə olunub”.

Ləman İmran
Globalinfo.az

Paylaş: