WhatsApp Image 2026 06 24 at 17.42.27

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi “Ali təhsildə praktiki bacarıqların gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində tədbir təşkil edib.

Globalinfo.az bildirir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin sədri və layihənin rəhbəri Mütəllim Rəhimov tədbiri açaraq layihənin məqsədi barədə məlumat verib. Onun bildirdiyinə görə, layihənin məqsədi Azərbaycanın ali təhsil qurumlarında tələbələrin praktiki bacarıqlarını gücləndirmək, elmi-tədqiqat fəaliyyətini aktivləşdirmək və əmək bazarının tələblərinə uyğunlaşdırmaq üçün startap inkubatorları, texnoparklar və virtual reallıq əsaslı təlim platformaları qurmasına dəstək verməkdir.

M.Rəhimov çıxışı zamanı bildirdi ki, Azərbaycan ali təhsil sistemindəki məzunların əmək bazarına uyğunlaşmaması, praktiki bacarıqların və elmi-tədqiqat fəaliyyətinin zəifliyi, təhsil materiallarının köhnəlməsi kimi problemlər həllini tapmalıdır. Əsas ideya universitetlərdə sənaye şirkətləri ilə inteqrasiya olunmuş startap inkubatorları və texnoparklar qurmağa dəstək vermək olmalıdır. Onun dediyinə görə bütün bunlar tələbələrin real layihələrdə iştirakını təmin edərək, innovasiya mədəniyyətini formalaşdırmağa kömək edəcək.

Daha sonra layihənin eksperti tarix üzrə fəlsəfə doktoru, dosent Günay Hüseyn çıxış etdi. O, “Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri” mövzusunda hazırlanmış elmi təhlili iştirakçılara təqdim etdi. G.Hüseyn dedi ki, XXI əsr dünya iqtisadiyyatında və cəmiyyətlərin inkişafında köklü dəyişikliklərlə xarakterizə olunur. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma, süni intellekt sistemlərinin geniş tətbiqi və qlobal rəqabətin güclənməsi əmək bazarının strukturunu dəyişdirib. Əgər əvvəlki dövrlərdə işəgötürənlər üçün əsas meyar ali təhsil diplomunun mövcudluğu idisə, hazırda praktik bacarıqlar, yaradıcı düşüncə, problem həll etmə qabiliyyəti, rəqəmsal savadlılıq və innovativ yanaşma daha çox əhəmiyyət kəsb edir.

Günay Hüseyn çıxışı zamanı dedi ki, Azərbaycan da bu qlobal proseslərin iştirakçısı kimi ali təhsil sisteminin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atır. Son illərdə universitetlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, kredit sisteminin tətbiqi, yeni ixtisasların açılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bununla belə, ali təhsil sisteminin qarşısında duran əsas problemlərdən biri məzunların əmək bazarının tələblərinə tam uyğun hazırlanmaması olaraq qalır.

Ekspert hazırladıqları təhlilin 21 yarımbaşlıqdan ibarət olduğunu və özündə bir sıra ölkələrin və universitetlərin təqdir olunan təcrübəsini ehtiva etdiyini, çoxsaylı təkliflər yer aldığını bildirdi. O apardıqları araşdırmanın ölkəmizdə ali təhsildə praktiki bacarıqların inkişaf etdirilməsinə dəstək verəcəyini dedi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhrəmova çıxış edərək dedi ki, Ali təhsil müəssisələrinin əsas missiyası əmək bazarının və cəmiyyətin tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdan ibarətdir. Müasir dövrdə peşəkar fəaliyyətin mürəkkəbləşməsi, texnologiyaların sürətli inkişafı və yeni peşələrin meydana çıxması ali təhsil sistemində praktik hazırlığın əhəmiyyətini daha da artırmışdır. Əgər əvvəllər ali təhsil əsasən nəzəri biliklərin ötürülməsinə yönəlirdisə, hazırda təhsil prosesinin əsas məqsədlərindən biri tələbələrdə praktik bacarıqların və peşəkar kompetensiyaların formalaşdırılması hesab olunur.

S.Bəhrəmova dedi ki, praktik bacarıqlar şəxsin əldə etdiyi nəzəri bilikləri konkret fəaliyyət prosesində tətbiq etmək qabiliyyətini ifadə edir. Bu bacarıqlar peşə fəaliyyətinin səmərəliliyini artırmaqla yanaşı, məzunların əmək bazarına inteqrasiyasını da asanlaşdırır. Müasir əmək bazarında işəgötürənlər yalnız akademik göstəricilərə deyil, eyni zamanda namizədlərin praktiki hazırlıq səviyyəsinə, problemləri həll etmək bacarığına, yaradıcı düşünmə qabiliyyətinə və kommunikasiya səriştələrinə xüsusi diqqət yetirirlər.

Daha sonra iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nağıyeva çıxış edərək dedi ki, aparılmış təhlillər göstərir ki, müasir dövrdə ali təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri əmək bazarının tələblərinə cavab verən, nəzəri biliklərlə yanaşı yüksək səviyyədə praktik bacarıqlara malik mütəxəssislərin hazırlanmasıdır. Qloballaşma, rəqəmsal transformasiya və innovasiya əsaslı iqtisadiyyatın inkişafı ali təhsil müəssisələrinin fəaliyyətində yeni yanaşmaların tətbiqini zəruri etmişdir. Bu baxımdan praktik yönümlü tədrisin təşkili və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi ali təhsilin keyfiyyətinin yüksəldilməsinin mühüm şərtlərindən biri kimi çıxış edir.

İqtisad üzrə fəlsəfə doktoru, dosent Mətanət Qubanova isə universitet-sənaye əməkdaşlığı tələbələrin peşəkar hazırlığının gücləndirilməsində, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsində və məşğulluq imkanlarının artırılmasında mühüm rol oynadığını bildirdi. O, təcrübə proqramlarının, dual təhsil modellərinin, birgə elmi-tədqiqat layihələrinin, innovasiya mərkəzləri və karyera xidmətlərinin ali təhsil ilə istehsalat arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı. Bu əməkdaşlıq nəticəsində tələbələrin nəzəri biliklərinin real iş şəraitində tətbiq etmək imkanı qazandığını, müəssisələrin isə öz ehtiyaclarına uyğun ixtisaslı kadrlarla təmin olunduğunu qeyd etdi.

Daha sonra çıxış edən iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Qurbanov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərvin Verdiyeva, əmək bazarının nümayəndəsi Rəcəb İsmayılov və digərləri çıxış edərək bildirdilər ki, müasir dövrdə insan kapitalı ölkələrin sosial-iqtisadi inkişafının əsas amillərindən biri hesab olunur. Qloballaşma, rəqəmsallaşma və bilik iqtisadiyyatının sürətli inkişafı şəraitində dövlətlərin rəqabət qabiliyyəti artıq daha çox onların malik olduğu təbii sərvətlərlə deyil, insan resurslarının keyfiyyəti ilə müəyyən edilir.

Çıxışçılar müasir dövrdə ali təhsil sisteminin inkişafının əmək bazarının tələbləri, texnoloji yeniliklər və innovasiya prosesləri ilə sıx əlaqədar şəkildə həyata keçirilməli olduğunu bildirdilər. Onlar qeyd etdilər ki, universitet-sənaye əməkdaşlığı ali təhsil müəssisələrinin fəaliyyətində mühüm strateji istiqamətlərdən biri olmalıdır. Bu əməkdaşlıq təhsil, elm və istehsalat arasında inteqrasiyanın gücləndirilməsinə, elmi biliklərin praktik fəaliyyətə tətbiqinə və əmək bazarının ehtiyaclarına uyğun insan kapitalının formalaşdırılmasına xidmət edir.

WhatsApp Image 2026 06 24 at 17.42.27 3 WhatsApp Image 2026 06 24 at 17.42.27 2 WhatsApp Image 2026 06 24 at 17.42.27 1 WhatsApp Image 2026 06 24 at 17.42.28 WhatsApp Image 2026 06 24 at 17.42.27 4

Paylaş: