ABŞ və İran arasında münasibətlərdə yeni mərhələnin başlanacağına dair növbəti siqnal verilib. Vaşinqtonun Tehranın xaricdə dondurulmuş vəsaitlərinin bir hissəsinə humanitar məqsədlərlə çıxış imkanını nəzərdən keçirməsi tərəflər arasında gərginliyin yumşaldılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir. Bu qərarın həm regiondakı siyasi proseslərə, həm də sanksiya siyasətinin gələcəyinə təsir göstərə biləcəyi istisna edilmir.
ABŞ-ın İrana dondurulmuş vəsaitlərə məhdud çıxış imkanı yaratması iki ölkə arasında münasibətlərin normallaşmasının başlanğıcı sayıla bilərmi, yoxsa bu, yalnız humanitar məqsədlərlə məhdudlaşan müvəqqəti addımdır?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, ABŞ-ın İrana məxsus xaricdə dondurulmuş vəsaitlərin bir hissəsinə çıxış imkanını nəzərdən keçirməsi Vaşinqton və Tehran arasında münasibətlərdə müəyyən yumşalma meyllərinin ortaya çıxması kimi qiymətləndirilə bilər:
“Lakin bu addımın iki ölkə arasında tam normallaşma prosesinin başlanğıcı olduğunu söyləmək hələ tezdir. Mövcud reallıq göstərir ki, tərəflər arasında etimad böhranı, xüsusilə də nüvə proqramı ilə bağlı ciddi fikir ayrılıqları qalmaqda davam edir. Humanitar məqsədlərlə maliyyə vəsaitlərinə çıxışın təmin olunması ilk növbədə İran əhalisinin ərzaq, dərman və digər həyati vacib ehtiyaclarının qarşılanmasına xidmət edə bilər. İranın bu tələbinə ABŞ-nin müsbət cavab verməsi bir tərəfdən İranı danışıqlar prossesində saxlamağa, digər tərəfdən isə İranda razılşamanın əleyhinə olan qüvvələrin mövqelərinin yumşalmasına xidmət edir. Amma buna baxmayaraq bu hələ Vaşinqtonun sanksiya siyasətində hansısa mühüm dəyişikliklər etdiyi demək deyil”.
Rəşad Bayramov
Politoloq əlavə edib ki, ABŞ uzun illərdir İranın nüvə proqramı, raket potensialı və regiondakı fəaliyyətləri ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edir:
“Bu məsələlər üzrə fundamental razılaşma əldə olunmadan sanksiyaların geniş şəkildə yumşaldılması ehtimalı hələ də məhdud görünür. Buna görə də hazırkı addım daha çox nəzarət olunan və konkret məqsədlərlə məhdudlaşdırılmış mexanizm xarakteri daşıyır. Bununla yanaşı, qərarın regional siyasi proseslərə müəyyən təsirləri də ola bilər. Əgər tərəflər arasında humanitar və maliyyə məsələləri üzrə əməkdaşlıq müsbət nəticələr verərsə, bu, gələcəkdə daha geniş gündəliyin müzakirəsinə zəmin yaratmış olar”. R.Bayramov deyib ki, xüsusilə nüvə proqramı ətrafında danışıqlarda müsbət nəticələrə gəlinməsi və regionda gərginliyin azaldılması istiqamətində yeni diplomatik təşəbbüslərin ortaya çıxması mümkündür:
“Lakin bunun üçün həm Vaşinqtonun, həm də Tehranın qarşıdakı 60 günlük danışıqlar dövründə qarşılıqlı güzəştlərə hazır olması vacib şərtdir. Ümumilikdə isə, ABŞ-ın İrana dondurulmuş vəsaitlərə məhdud çıxış imkanı yaratması münasibətlərin normallaşmasının birbaşa başlanğıcı kimi deyil, daha çox qarşılıqlı əlaqələrin qorunmasına və gərginliyin müəyyən dərəcədə azaldılmasına yönəlmiş taktiki addım kimi qiymətləndirilə bilər”.
Zaira Akifqızı
Globalinfo.az