pistorius

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı başladığı müharibədə çıxılmaz vəziyyətə düşüb. Bu müharibə Rusiyaya getdikcə daha ağır zərbələr vurur.

Globalinfo.az xəbər verir ki, nazir bu fikirləri “Ramştayn” formatında keçirilən beynəlxalq müdafiə təmas qrupunun iclasının açılışında səsləndirib.

“Putin çıxılmaz vəziyyətə düşüb. Onun Ukraynaya qarşı başlatdığı müharibə Rusiya ordusuna ciddi ziyan vurub. Kreml bu siyasətin doğurduğu mənfi nəticələri artıq açıq şəkildə görür. Ukrayna isə Rusiyaya getdikcə daha çox itki və zərər yetirir”, – deyə Pistorius bildirib.

Almaniyalı nazir qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar prosesinin bərpasına çağırışlar etsə də, Putin qarşıdurmanı daha da dərinləşdirməyə üstünlük verir.

“Putinin seçdiyi eskalasiya yolu birbaşa Ukrayna xalqına, eləcə də NATO-nun şərq cinahında yerləşən müttəfiq ölkələrə qarşı yönəlib. O, döyüş meydanındakı uğursuzluqları qəbul etmək istəmir və ağır itkilərə baxmayaraq müharibəni davam etdirmək niyyətindədir”, – deyə nazir qeyd edib.

Pistorius həmçinin bildirib ki, Almaniya və tərəfdaş ölkələr Kiyevə dəstəyi davam etdirəcəklər. Onun sözlərinə görə, Ukraynanın əldə etdiyi hərbi uğurları qoruması və möhkəmləndirməsi üçün bu dəstək vacib əhəmiyyət daşıyır.

“Biz Ukraynaya göstərilən yardımı daha səmərəli şəkildə koordinasiya etməliyik. Bu gün müzakirə etdiyimiz əsas məsələ də məhz budur”, – deyə Almaniyanın müdafiə naziri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: