“Hazırda dünya iqtisadiyyatında struktur dəyişikliklərinin baş verdiyi bir dövr yaşanır. Qlobal ticarətdə parçalanma meyilləri güclənir, təchizat zəncirləri yenidən formalaşır, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası dəyişir. Beynəlxalq Valyuta Fondunun oktyabr ayında açıqladığı qiymətləndirməyə görə, ortamüddətli dövrdə qlobal iqtisadi artımın 3.2% səviyyəsində qalacağı, pandemiyadan əvvəlki 3.7%-lik artım tempinə qayıdışın isə gözlənilmədiyi bildirilir”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, belə bir şəraitdə hər bir ölkənin inkişafı yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasından birbaşa asılıdır:
“Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə ölkəmizin keçdiyi inkişaf yolu xüsusi qeyd edilməlidir. Ötən illərdə əldə olunan iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib. Müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib, genişmiqyaslı sosial paketlər reallaşdırılıb və əhalinin rifahı yüksəldilib.
Ən mühüm məqam isə ondan ibarətdir ki, bütün bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz maliyyə resursları hesabına həyata keçirilib. Hətta bu il böyük həcmli xərclərin icrasına baxmayaraq, 2026-cı il noyabrın 1-nə strateji valyuta ehtiyatlarımız 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89 milyard dollara yaxınlaşıb. Bu məbləğ illik ümumi daxili məhsulun həcmindən çoxdur və xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir.
Safura Bənnayeva
Globalinfo.az