“2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının icrası dövründə iqtisadiyyatda kəmiyyət artımı ilə yanaşı, keyfiyyət dəyişiklikləri də baş verir. Bu dəyişikliklər Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsidir”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Birincisi, iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin ilk 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 74.5%-ə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49% təşkil etdiyi halda, cari ilin ilk 10 ayında artıq 55%-i ötüb. Bu artım mütləq rəqəmlərdə daha aydın görünür. Belə ki, qeyri-neft-qaz gəlirləri 2021-ci ildə 12.4 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin təsdiq olunmuş büdcəsində bu göstərici 22.2 milyard manat nəzərdə tutulub. Büdcənin qeyri-neft gəlirlərinin böyük hissəsi, qeyd etdiyim kimi, qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına formalaşır.
İkincisi, iqtisadiyyatımız təkcə ümumi daxili məhsulun deyil, həm də ümumi milli gəlirin artımı ilə xarakterizə olunur. Əvvəlki dövrlərdə iqtisadi fəaliyyət və gəlirlərin formalaşması əsasən ölkə hüdudları daxilində baş verirdisə, hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər vasitəsilə əlavə dəyər yaradır, yeni gəlir mənbələri formalaşdırırlar. Bu isə ölkənin gəlir mənbələrinin şaxələndirilməsi deməkdir”.
Nazir son olaraq bildirib ki, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri baş verir:
“Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən onların idarəetmə sistemində aparılan islahatların nəticəsidir”.
Safura Bənnayeva
Globalinfo.az