Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu imzalayıb.
Globalinfo.az xəbər verir ki, sənəd parlamentin 16 oktyabr 2026-cı il tarixli iclasında müzakirə edilərək 3-cü oxunuşda qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında dövlət idarəçiliyinin və qulluğunun təkmilləşdirilməsi istiqamətində Dövlət Qulluğu Məcəlləsinin hazırlanması nəzərdə tutulmuşdu.
Məcəllə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarının vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur.
Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Sənəd dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.
Beləliklə, Məcəllədə dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilib.
Eyni zamanda, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış “Dövlət qulluğu sertifikatı”nın hüquqi qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər.
Bununla əvvəlki qaydalar əsasında əldə edilmiş hüquqların yeni sistemə keçid zamanı itirilməməsi təmin olunur.
Məcəlləyə əlavələrdə dövlət qulluğu ilə bağlı tətbiq ediləcək sənədlərin nümunəvi formaları da müəyyən edilir. Vəzifə təlimatının forması, stajorluq və sınaq müddəti ilə, eləcə də daimi əsaslarla dövlət qulluğuna təyin edilmiş şəxslərlə bağlanılan əmək müqavilələrinin nümunəvi formaları, müsahibədə iştirak üçün müraciət forması və dövlət qulluqçusunun andının mətni təsbit olunur.
X X X
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
İndiyə qədər küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılıb. Yeni qanuna əsasən. küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.
X X X
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 23-də qəbul etdiyi, Azərbaycanda müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyənləşdirilməsini, satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Təklif olunan dəyişikliklərin əsas məqsədi adıçəkilən qanunun 3.2.8-1-ci altmaddəsində sadalanan hüquqi şəxslərin müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmaları qanunun tətbiq dairəsindən çıxarmaqdır.
Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir. Satınalmalar dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.
Qanunun 3.2.8-ci maddəsinə təklif edilən dəyişikliklə 3.2.8-1-ci maddədə nəzərdə tutulan hüquqi şəxslərin 3.2.8-ci maddənin əhatəsindən istisna edilməsi və onların ayrıca kateqoriya kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni 3.10-1-ci maddəyə əsasən, həmin hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Bununla yanaşı, 3.2.8-1-ci maddədə nəzərdə tutulan satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Qalib təchizatçının qeyri-rezident olduğu hallar və Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar bu elektronlaşdırma tələbindən istisna edilir.