foto1234

Xəbər verdiyimiz kimi, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) həftə ərzində ikinci dəfə Moskva Neftayırma Zavoduna zərbə endirib. Son aylarda Rusiya ərazisinin dərinliklərində, o cümlədən paytaxtda enerji və hərbi obyektlərə hücumların sayı artıb. Ekspertlər hesab edirlər ki, müharibə artıq cəbhə xəttindən çıxaraq Rusiyanın gündəlik həyatına da təsir göstərməyə başlayıb.

Müharibənin Moskvanın küçələrinə qədər gəlib çıxması nəyi göstərir? Bu hücumlar Rusiyanı danışıqlara məcbur edə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elşən Mustafayev deyib ki, müharibənin son 6 aylıq gedişatına nəzər salanda, Ukraynanın əvvəlki illərlə müqayisədə müdafiə siyasətindən hücum taktikasına keçdiyini görə bilərik:

Rusiya quru əməliyyatlarında demək olar ki, yerində sayır, hava hücumlarında isə qarşı tərəfin hücumlarından yayına bilmir. 1-2 il öncəyə qədər heç kim inanmazdı ki, Ukrayna mütamadi olaraq Rusiyanın dərinliklərinə qədər hədəfə çatacaq əməliyyatlar həyata keçirsin. Yəni rəsmi Kiyev 4 ildən artıq gedən müharibə şəraitində hərbi potensialını yeni nəsil silahlarla təmin edib və hətta  insansız hava aparatları və dronlar sahəsində Rusiyanı üstələdiyi də deyilir.

Bu silahların bir çoxu isə öz istehsalıdır. Eyni zamanda, son aylar Qərb və ABŞ-dan Ukraynaya qısa müddətdə  daha cox maliyyə, silah və hava hücumundan müdafiə sistemləri verilməsi də gündəlikdədir. Ötən gün G7 toplantısında liderlərin hər biri bunu təsdiq etdilər. O zaman Rusiya üçün xoşagəlməz bir vəziyyət yaranır. Hərbi potensialında olan bütün növ silahlardan Ukraynaya qarşı istifadə edib. Amma ilbəil, ayabay, hətta hər gün Ukraynanı məğlub etmək şansları itir. Əvəzində Ukraynanın Rusiya ərzilərində qorxu və panika yaradan hücumlarının sayı artır. Bu vəziyyət getdikcə Rusiyanı daha ağır duruma sala bilər.

Cəmiyyətdə etirazlar onsuz da kifayət qədər geniş yayılıb. Lakin hakimiyyət bu narazılıqları nəzərə almır və bu səbəbdən ciddi təhlükə hiss olunmur. Buna baxmayaraq, hərbçilər, biznes nümayəndələri və hətta yüksək vəzifəli siyasətçilər arasında narazılıqların artması ilə bağlı ciddi məlumatlar mövcuddur. Bu isə Vladimir Putin hakimiyyəti üçün böyük təhlükə mənbəyi ola bilər. Lakin Ukrayna ilə öz maraqlarını təmin etməyəcək hər hansı danışıqlara da getmək istəmir. Çünki o zaman bütün Rusiyada Putinin nüfuzuna ciddi zərbə dəyəcək və bundan sonra hakimiyyət dəyişikliyi yolu açılacaq. Bu halda müharibə gedişatında vəziyyəti kökündən dəyişmək üçün bir yol qalır ki, o da taktiki nüvə silahından istifadədir”.

elsen

Elşən Mustafayev qeyd edib ki, Rusiya siyasətini daha dərindən bilən mütəxəssislərin sözlərinə görə, Putinin siyasətçilər və hərbiçilər arasında nüfuzu son il yarımda sürətlə aşağı düşür:

“Nüvə silahından istifadə məsələsində onun qarşısında dayana biləcək güclərin ortaya çıxması mümkündür. Digər tərəfdən, bu baryerlər aşılaraq nüvə silahından istifadə ssenarisi reallaşsa, o zaman yeni bir maneə də meydana gələ bilər. Belə ki, bu cür ssenarilərin nəticələri Qərbdəki beyin mərkəzləri tərəfindən uzun müddətdir araşdırılır. Ona görə də, hələ rəsmi elan olunmasa da, Qərbin nüvə dövlətləri ilə Ukrayna arasında nüvə təhlükəsizliyi ilə bağlı sazişin imzalanması barədə müzakirələrin aparıldığı bildirilir. Bu isə o deməkdir ki, belə bir saziş qüvvədə olduğu halda Ukraynaya qarşı nüvə hücumu baş verərsə, müqavilədən irəli gələn öhdəliklər çərçivəsində eyni səviyyədə cavab verilməsi mümkündür. Bu da öz növbəsində Avropada böyük müharibənin başlanğıcı hesab edilə bilər.

Hazırkı vəziyyəti belə dəyərləndirirəm: Putin öz istədiyi şərtlərdən kənar hər hansı danışıqlara getmək istəmir, müharibədə öz xeyrinə dönüş də yarada bilmir, nüvə silahından istifadə məsələsi də asan deyil. Əgər müharibə meydanında tez bir zamanda öz xeyrinə əhəmiyyətli dönüş edə bilməsə, ya indiyədək olan inadını bir tərəfə qoyub danışıqlar masasına oturmalı və şərtləri birtərəfli diktə etməməlidir,  ya da Rusiya üçün müharibənin fəsadlarının daha da böyüməsi halında daxildə ciddi müxalifət və müqavimət qarşısında qala, xüsusi xidmət orqanları, hərbçilər və yüksək rütbəli siyasətçilər birlikdə hərəkət edə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: