2025-ci ildə İcbari Tibbi Sığorta Fonduna (İTS) dövlət büdcəsindən ayrılan vəsaitin 592 milyon manat azalması diqqət çəkib. Rəsmi məlumatlara görə, transfertlərin azalmasına baxmayaraq, fondun fəaliyyəti davam edir və maliyyələşmə digər mənbələr hesabına da təmin olunur. Bununla belə, ayrılan vəsaitin kəskin azalması cəmiyyətdə bir sıra suallar doğurub.
Bu qərar tibbi xidmətlərin keyfiyyətinə təsir göstərəcəkmi? Gələcəkdə xidmət paketində və ya vətəndaşların ödənişlərində dəyişiklik gözlənilirmi? Yaxın illərdə icbari tibbi sığorta sistemində hansı dəyişikliklər baş verə bilər?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, 2025-ci ilin dövlət büdcəsi müzakirələrində İcbari Tibbi Sığorta Fonduna ayrılan transfertinin təxminən 592 milyon manat azaldılması maliyyə baxımından ciddi bir struktur dəyişikliyidir:
“Bir səhiyyə iqtisadçısı gözü ilə baxsaq, bu azalma sistemin çökməsi və ya xidmətin pisləşməsi kimi deyil, daha çox maliyyə mənbələrinin diversifikasiyası və daxili resursların optimallaşdırılması kontekstində təhlil edilməlidir. Dövlət büdcəsindən transfertin azalması birbaşa sığorta büdcəsinin kiçilməsi demək deyil. Burada əsas səbəblər, İTS fəaliyyətə başladığı ilk illərdə dövlət dotasiyasından tam asılı idi. Lakin artıq sistem leqallaşmış əmək bazarı və maaşlardan tutulan sığorta haqları hesabına ciddi daxili gəlirlər formalaşdırır. Fondun ötən illərdən qalan sərbəst maliyyə vəsaitləri (rezervləri) dövlətə imkan verdi ki, birbaşa yükü azaltsın və həmin “maliyyə yastığı” daxili xərcləri kompensasiya etsin. Hesablama palatasının audit rəyində biz gördük ki, problem maliyyələşmə, maliyyə azlığı yox, idarəetmə boşluqlarıdır”.
N.Abbaslının fikrincə, qısa və ortamüddətli perspektivdə bu azalmanın vətəndaşa göstərilən xidmətin keyfiyyətinə birbaşa mənfi təsir göstərəcəyi gözlənilmir:
“Çünki xidmətin tarifi və həkimlərin əməkhaqları fondun cari büdcəsi çərçivəsində sığortalanıb. Səhiyyə iqtisadiyyatının qızıl qaydası budur ki, gəlirlər optimallaşdırılırsa, xərclərə mütləq nəzarət edilməlidir. Hazırda 3300-dən çox tibbi xidməti əhatə edən zərfin kiçilməsi gözlənilmir. Əksinə, sosial təzyiqi azaltmaq üçün strateji xidmətlər saxlanacaq. Lakin bəzi “lüks” və ya effektivliyi tam sübut olunmamış prosedurların zərfdən çıxarılması və ya şərtlərinin çətinləşdirilməsi istisna deyil”.
Nərmin Abbaslı
N.Abbaslı qeyd edib ki, ölkədə rəsmi olaraq “müştərək maliyyələşmə” (co-payment) qaydaları kağız üzərində var, lakin tətbiqi tam genişlənməyib:
“Gələcəkdə vətəndaşların birbaşa (out-of-pocket) xərclərini tənzimləmək və lazımsız müraciətlərin qarşısını almaq üçün göndərişsiz birbaşa özəl və ya yuxarı instansiya xəstəxanaya gedənlərdən müəyyən kiçik ödənişlərin tələb olunması mexanizmi daha aktiv işlədilə bilər. Səhiyyə sisteminin dayanıqlılığı üçün yaxın illərdə biz bu trendləri görməliyik. Vətəndaşların birbaşa ixtisaslaşmış xəstəxanalara qaçmasının qarşısını almaq üçün ilkin səhiyyə xidməti, ailə həkimi institutu gücləndirilməlidir. Sığorta fırıldaqçılığının, süni şişirdilmiş çarpayı günlərinin və lazımsız laborator analizlərin qarşısını almaq üçün e-sağlamlıq və ciddi data-analiz modelləri tətbiq edilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az