JEomC4tNMX0Lf4dGkzdY1VRHgQPoTBBrihpnBq2O

Xəbər verdiyimiz kimi, iyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.

Görüş və onun nəticələri mühüm olsa da, məkan kimi Dilican şəhərinin seçilməsi diqqət çəkir.

Globalinfo.az Dilican şəhəri ilə bağlı maraqlı faktları təqdim edir.

Dilican toponimi ilə bağlı bir sıra diqqətçəkən versiyalar var. Ermənistan mənbələrində şəhərin adı xalq arasında dolaşan “Dili can” əfsanəsi ilə əlaqələndirilir. Rəvayətə görə, şəhərin adı Dili adlı gənc bir çobanla bağlıdır. Dili günlərin birində meşədə itir və onun sevgilisi uzun müddət “Dili can!” (yəni “Dili, əzizim” və ya “Dili, canım”) deyə fəryad edir. Zaman keçdikcə bu ifadənin şəhərin adına çevrildiyi iddia olunur.

Azərbaycan tədqiqatçıları isə fərqli bir versiya irəli sürürlər. Toponimika üzrə araşdırmalarda yaşayış məntəqəsinin tarix boyu Delican, Delecan, Yeni Delican və Köhnə Delican kimi adlandığı deyilir. Araşdırmaçılar hesab edirlər ki, toponimin əsasında qədim türk mənşəli Tele tayfasının adı dayanır. Adın ikinci hissəsi olan “can” isə qədim türk dillərində işlənən “qan”, “xan” və ya “kaan” sözləri ilə əlaqələndirilir və “hakim”, “hörmətli şəxs” və ya “tayfa başçısı” mənası daşıyır. Bu baxımdan Dilican adı “Tele tayfasından olan nüfuzlu şəxsin yaşayış məskəni” kimi izah edilir.

XVII əsrdə bölgəyə səfər edən fransız səyyahı Jan Şarden də Dilican ərazisini Qazax ölkəsinin tərkib hissəsi kimi təsvir etmiş və onun Səfəvi dövlətinə tabe olduğunu yazmışdır.

Dilican Çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına bağlı kənd olub. Yaşayış məntəqəsinin yerləşdiyi ərazidə eyni adlı Delican dərəsi yerləşir.

Bölgəni işğal edən Çar Rusiyası 1826-cı ildən etibarən sistemli şəkildə əraziyə erməniləri və rusları köçürməyə başlayır. 1897-ci il siyahıyaalınmasına görə, kənddə ermənilərin sayı 1326 nəfərə, rusların sayı 583 nəfərə çatdığı halda, azərbaycanlıların sayı 84 nəfərə qədər azalmışdı.

Tarixi mənbələrə baxdıqda, həqiqətən də Dilicanın tarixən Qazax qəzasının yaylaq ərazilərindən biri kimi istifadə olunduğu görünür. Hətta qazaxlılar 1980-ci illərin sonlarına qədər “dağa getmək” deyərkən Dilican yaylaqlarını nəzərdə tuturdular.

SSRİ-nin 1959-cu il ümumittifaq əhali siyahıyaalınması zamanı burada 475 nəfər, 1970-ci ildə isə 314 nəfər azərbaycanlı qeydə alınıb. 1988-ci ildə isə şəhərin azərbaycanlı əhalisi deportasiya olunaraq Dilican tamamilə azərbaycanlılardan təmizlənib.

Dilican əfsanəvi “Mimino” filmində erməni və gürcü personajlar arasında baş verən dialoqla da tanınır:

– Valik-can, Dilicanda mətbəxdə sadə bir kranı açırsan, su axır. Dünyada ikinci yerdədir.

– Birinci yer də Yerevandadır, hə?

– Xeyr, San-Fransiskoda.

– Bəs Borjomi? Əvvəl düşün, sonra danış.

Dilican dərəsi dahi şairimiz Səməd Vurğunun şeirlərində də çox gözəl təsvir olunub:

Yenə gördüm səni, Dilcan dərəsi,

Yadıma çox köhnə zamanlar gəlir.

Ömür dedikləri bir karvan yolu,

Nə canlar gedərək, nə canlar gəlir.

Fələklər yaratmış bu yeri cənnət —

Desəm, çox münasib həqqindir əlbət.

Səndə var doğruluq, var səmimiyyət,

O ibrət bağına loğmanlar gəlir.

Daşlar yaralandı günün telindən,

Əmərsən dağların qarlı selindən.

Sənə qonşu olan Qazax elindən

Vəfalı, vəfasız mehmanlar gəlir.

Yüksəlir tar səsi hər eyvanından,

Quşlar qanad salar keçsə yanından.

Daşlar boyanmışdı bir gün qanından,

Xəyalına qara dövranlar gəlir…

Bu gün isə Dilican Ermənistanın Tavuş vilayətinin bir hissəsidir. Şəhər ölkənin ən sakit və mənzərəli bölgələrindən biri hesab olunur və tez-tez “Ermənistanın İsveçrəsi” adlandırılır. İrəvandan fərqli olaraq, Dilican siyasi mərkəz deyil və daha çox istirahət, turizm və beynəlxalq tədbirlərlə tanınır.

turan rzayev 1 900x720 1

Hazırladı: Turan Rzayev
Globalinfo.az

Paylaş: