irevan baki yeni kollaj 900x506 3

Azərbaycan Cənubi Qafqazda geosiyasi vəziyyəti əsaslı surətdə dəyişib. Biz bunu artıq bir neçə ildir real şəkildə görürük. Son zamanlar isə bu reallıq beynəlxalq ekspert dairələri və xarici media orqanlarının xəbər və qiymətləndirmələrində özünü göstərir.

Misal üçün, rusiyalı ekspert Sergey Markedonovun, eləcə də İtaliya və Rumıniya mətbuatında dərc olunan bəzi məqalələrə ayrı-ayrılıqda baxdıqda ortaq qənaət belədir ki, regionda qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişib.

Sergey Markedonovun fikirləri diqqət çəkir. O deyib: “Qarabağ münaqişəsinin başa çatması və Ermənistanın hərbi-siyasi məğlubiyyətdən sonra zəifləməsi nəticəsində Bakı Cənubi Qafqazın əsas siyasi aktoruna çevrilib. Əgər əvvəllər Azərbaycan və Ermənistan danışıqlar masasında nisbətən bərabər tərəflər kimi çıxış edirdilərsə, indi proseslərin istiqamətini daha çox Azərbaycan müəyyənləşdirir”.

Bu fikir doğrudur. Lakin diqqət edilməli olan məqamlar var. Ümumiyyətlə rəsmi Bakının niyyəti heç də Ermənistanı əzmək və ya dominant mövqedən çıxış etmək deyil. Bakı hər zaman konstruktiv danışıqlardan yana olub. Qalib tərəf olmasına baxmayaraq, Ermənistana qarşı sərgilədiyi konstruktiv mövqe sülh prosesinin mövcud vəziyyətə gəlməsində ən önəmli faktordur. Azərbaycan son aylar Ermənistana bir neçə dəfə yanacaq və başqa həyat əhəmiyyətli məhsullar göndərib. Ölkəmizdən keçməklə, bir neçə dəfə Rusiyadan Ermənistana buğda dolu eşelon gedib. Bu faktlar rəsmi Bakının sülh prosesində maraqlı olduğunu isbatlamaqla yanaşı, Ermənistan üçün sözün hər mənasında təminat ünvanına çevrildiyini göstərir.

İtaliyanın “Ore 12” nəşrinin təhlili də diqqət çəkir. Belə ki, yazıda Ermənistanın təhlükəsizlik problemi ilə üzləşdiyi vurğulanır. Məqalədə qeyd olunur ki, İrəvan nə KTMT-dən əvvəlki səviyyədə dəstək alır, nə də NATO tərəfindən hər hansı təhlükəsizlik zəmanəti əldə edib. Avropa İttifaqının müşahidə missiyası isə hərbi müdaxilə və ya çəkindirmə mexanizmi deyil.

Əslində bu, Ermənistanın uzun illərdir Rusiyanın orbitində olması və Qərbə yaxınlaşmaqda maraqlı olması ilə bağlıdır. İndi isə vəziyyət tam fərqlidir. İrəvan KTMT-ni tərk etmək istəyir, NATO-ya inteqrasiya yolu tutub. Lakin bu proses həm uzun, həm də risklidir.

Azərbaycan isə balans siyasəti ilə hər zaman manevr imkanlarını özündə saxlayıb. Bakı KTMT üzvü olmasa da, faktiki olaraq 44 günlük Vətən müharibəsi zamanı təşkilatı prosesdən kənarda tutmağı bacardı. Hətta üzv ölkələr Ermənistanı açıq şəkildə ittiham etdi. Bu gün də Bakı regiondakı çəkisini artırır, İrəvana şərtlərini bildirir. Ermənistan isə reallığın necə olduğunu dərk etdiyi üçün Bakının təklifləri ilə razılaşmalı olur.

Rumıniyanın “Cotidianul” nəşrində dərc olunan material da diqqət çəkir. Belə ki, məqalədə Ermənistan daxilindəki siyasi proseslərlə Azərbaycan faktorunun birbaşa əlaqəsi ön plana çıxarılır. Məqalədə qeyd edilir ki, sülh müqaviləsinin imzalanmaması və konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr Ermənistanın daxili siyasətinin əsas mövzularından birinə çevrilib.

Ermənistanda seçkilərə sayılı günlər qalıb. Seçkiyə qalan müddətdə həqiqətən də erməni siyasətçilərinin əksəriyyətinin gündəmində Azərbaycan var idi. İqtidar da, müxalifət də seçki kampaniyasında Bakı ilə bağlı məsələlərə ağırlıq verib. Əslində Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır və ya müharibə ilə hədələmir. Gözlənti sülh danışıqlarının davam etməsi və məntiqi yekuna çatmasıdır. Bununla belə, görünən odur ki, nəinki seçki müddətində, seçkidən sonra da hələ uzun müddət erməni ictimaiyyətində Azərbaycanın mövqeyi əsas təşkil edəcək.

Bir daha qeyd edim ki, bütün bu qiymətləndirmələrin ortaq nöqtəsi ondan ibarətdir ki, Azərbaycanın siyasi, hərbi və diplomatik imkanları artıb, Ermənistan isə əvvəlki dövrlərlə müqayisədə daha məhdud manevr imkanlarına malikdir.

Eyni zamanda, bu materiallar göstərir ki, sülh prosesi hələ yekunlaşmayıb və qarşıdakı dövrdə tərəflər arasında danışıqların taleyi regionun gələcək siyasi mənzərəsini müəyyənləşdirəcək. Azərbaycan isə bütün bunlara baxmayaraq regionun aparıcı gücüdür.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: