Dünya sürətlə yeni silahlanma erasına daxil olur. Son illərdə Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik, Çin–ABŞ rəqabəti və Tayvan ətrafında yüksələn risklər beynəlxalq təhlükəsizlik sistemini kökündən dəyişdirib. Artıq dövlətlər diplomatiyadan daha çox hərbi gücə yatırım edir. 2025-ci ildə qlobal hərbi xərclərin 2.887 trilyon dollara çatması da bunun açıq göstəricisidir. Bu, son 11 ilin ən böyük artımı hesab olunur.
Ən diqqət çəkən məqamlardan biri isə ABŞ-ın rekord səviyyəyə çatan müdafiə büdcəsidir. Vaşinqtonun hərbi xərcləri artıq 954 milyard dolları keçib. 2026-cı il üçün 1 trilyon dollarlıq büdcənin təsdiqlənməsi, 2027-ci il üçün isə 1.5 trilyon dollarlıq təklifin gündəmə gəlməsi göstərir ki, ABŞ yaxın illərdə qlobal hərbi üstünlüyünü qorumaq üçün daha sərt strategiyaya keçir.
Silahlanma yarışının əsas yükü isə Avropanın üzərinə düşür. NATO ölkələri uzun illərdən sonra müdafiə siyasətini radikal şəkildə dəyişməyə başlayıb. Xüsusilə Almaniyanın hərbi xərclərinin 24% artaraq 114 milyard dollara çatması Avropada ciddi müzakirələr yaradıb. Berlinin 1990-cı ildən sonra ilk dəfə hərbi xərcləri ÜDM-in 2%-dən yuxarı qaldırması və bunun 1953-cü ildən bəri ən sürətli artım olması tarixi baxımdan da diqqət çəkir.
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, bu, açıq şəkildə “Geosiyasi Domino Effekti”dir:
“Bu, sadəcə bir-birinin ardınca silahlanma deyil, hər bir dövlətin addımının qonşuda və rəqibində zəncirvari reaksiya doğurduğu bir sistemdir.
ABŞ “biz bir az çəkilirik, siz daha çox xərcləyin” dedi Avropa silahlandı. Avropa silahlandıqca, Rusiya daha da gücləndi. Rusiya gücləndikcə, Asiya təkan aldı. Asiya hərbi büdcələrini artırdıqca, Çin və Yaponiya rekordlar qırdı. Bu, bir dominonun digərini devirməsidir dayanmaq üçün heç bir mexanizm qalmayıb.
Ən maraqlısı isə kvant fizikasının “dolaşıqlıq” effektidir. Bütün bu qərar vericilər bir-birinə o qədər bağlıdırlar ki, birində atılan addım digərlərində qaçılmaz nəticələr doğurur. ABŞ öz xərclərini azaldanda belə, Avropa daha da sürətlənir. Bu, klassik məntiqə ziddir. Amma “müşahidə effekti” də işə düşür – yəni hərbi xərcləri ölçmək, müzakirə etmək və ictimailəşdirmək artıq hadisənin özünə təsir edir, gərginliyi daha da artırır. Ən həssas nöqtə isə Almaniya və Yaponiyadır.
İkinci Dünya Müharibəsindən sonra bu ölkələr pasifist konstitusiyalarla barışmışdılar. İndi isə Almaniyanın xərcləri rekord şəkildə artır, Yaponiya 1958-ci ildən bəri ən yüksək hərbi büdcəsinə çatıb. Onlar bunu “Rusiya təhlükəsi” və “Çin faktoru” ilə izah edirlər. Amma sual budur: əgər hər kəs təhlükədən qorxub silahlanırsa, onda heç kim özünü təhlükəsiz hiss etmir? Bu, sıfır məbləğli oyundur – hər kəs itirir”.

Rüstəm Tağızadə
Politoloq bildirib ki, silahlanma yarışı 2026-cı ildə də davam edəcək:
“Rusiyanın neft gəlirləri artır, Ukraynaya Avropa İttifaqının böyük kredit ayırması gözlənilir. ABŞ yenidən 1 trilyon həddini keçir. Yəni domino daşları daha da sürətlə yıxılacaq.
Ancaq kvant nəzəriyyəsində “superpozisiya” anlayışı var. Sistem müəyyən zamana qədər bir çox ehtimalı özündə saxlayır, sonra “dağılma” baş verir və yeni reallıq formalaşır. Bu, o deməkdir ki, gec-tez mövcud silahlanma spirali partlayacaq. Belə bir partlayışın növbəti müharibə ilə nəticələnəcəyinə şübhə yoxdur.
İlk dəfədir ki, beynəlxalq təhlükəsizlik sisteminin içində hər sülh quruluşunun özündə bir sonrakı müharibənin toxumlarını bu qədər aydın görürük. NATO-nun yüksək hərbi xərclər hədəfləri, ABŞ-ın yeni silah proqramları, Avropanın “müdafiə autsorsinqi”ndən imtinası – bunlar atəşi alovlandıran küləklərdir.
Silahlanma domino zəncirini dayandırmaq üçün bizə təhlükəsizlik memarlığında yeni bir “müşahidəçi” – yəni etibarlı sülh mexanizmləri – lazımdır. Ancaq təəssüf ki, indi hər şey əks istiqamətə işləyir. Dominolar yıxılır, kvant düyünü sıxılır və biz sadəcə izləyirik”.
Turan Rzayev
Globalinfo.az