6a0e0fdb583c06a0e0fdb583c117793064596a0e0fdb583bd6a0e0fdb583bf

Müsavat Məclisinin sədri Arif Hacılı deyib ki, 4 iyun qiyamının baş tutacağı halda bunun Azərbaycana böyük zərbə vuracağını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucu lideri Etibar Məmmədova izah etməyə çalışıb.

O bildirib ki, 4 iyun hadisələrindən sonra Baş nazir vəzifəsinin Etibar Məmmədova təklif edilməsinin təşəbbüskarı və tərəfdarı olub. Bunun əvəzində Etibar Məmmədovdan qiyama dəstək verməməsini, prezident Elçibəyə qarşı çıxmamasını istəyib, lakin buna nail ola bilməyib:

“Etibar Məmmədov Gəncəyə – Surət Hüseynovun görüşünə getdi və oradan qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında hakimiyyətə qarşı ağır ittihamlar irəli sürərək qiyama və qiyam lideri Surət Hüseynova açıq dəstək verdi”.

Globalinfo.az-a danışan AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, 4 iyun qiyamı müəyyən proseslərin nəticəsidir:

“Bu, AXC-Müsavat iqtidarının səriştəsizliyinin, yarıtmaz idarəçiliyinin, hakimiyyətdaxili didişmələrin və yürütdüyü siyasətin səbəblərindən doğan məntiqi sonluq idi. Belə bir hadisələrin bir ay gec, ya tez olacağı labüd idi. Etibar Məmmədovu suçlamaq, ona qarşı ağlasığmaz ittihamlar səsləndirmək təkcə absurd deyil, həm də dövlət idarəçiliyini, siyasəti, bilməməkdən qaynaqlanır. Ölkənin böhrana və uçuruma aparıldığı barədə Etibar Məmmədov müxalifət lideri kimi dəfələrlə xəbərdarlıqlar edib, bunun qarşısının alınmasının yollarını da göstərib. AMİP-in və sədrinin günahı deyil ki, AXC-Müsavat hakimiyyəti düz yola qayıtmadı, irad və tənqidləri süngü ilə qarşıladı, gözləri ayaqlarının altını görmədi. Vəziyyəti o həddə çatdırdılar ki, nəinki xalq, Arif Hacılının razılığını aldıqlarını bildirdiyi 7 xarici dövlətdən heç biri, hətta Türkiyə də onları müdafiə etmədi”.

Ə.Orucov qeyd edib ki, 4 iyun hadisələrində ən doğru və düzgün mövqeyi Etibar Məmmədov seçib:

“O, bir daha dövlətçiliyə və xalqın maraqlarını qorumağa sadiqliyini sübut etdi. Proseslərin xaosa çevrilməsinin, dağıdıcı və geniş miqyasda yayılmasının, hakimiyyət boşluğunun yaranmasının qarşısını almağa çalışdı və buna da əsasən nail oldu.

2022 03 19 15 17 43j8wbQwpLm5NQHx20AfKs file 4

Əli Orucov

Prezident Elçibəy Arif Hacılını dövlət müşaviri və inandığı şəxs olaraq Etibar Məmmədovla danışıqlar aparmaq üçün görəvləndirir. Lakin o, AMİP Mərkəzi Qərargahına gələrək Etibar Məmmədovla bu barədə heç nə danışmır və qayıdaraq Elçibəyə doğru olmayan məlumatlar verir. Bu isə nəticədə dövlət başçısının yanlış qərarlar verməsinə gətirib çıxarır. Hakimiyyətlərinin son nəfəslərində də daxili hikkələri həmin nəfəsi də bağlayır və intiharı üstün tuturlar”.

AMİP funksionerinin sözlərinə görə, Etibar Məmmədov Gəncəyə Sürət Hüseynovla görüşməyə gedəndə artıq prezident Elçibəy heç kəsə məlumat vermədən Kələkiyə getmişdi:

“Yaddaşları yeniləmək üçün qeyd edim ki, Heydər Əliyev 9 iyun 1993-cü ildə Elçibəyin xahişi və xalqın təkidli tələbi ilə Naxçıvana göndərdiyi təyyarə ilə Bakıya gəlib və 10 iyunda Gəncəyə gedərək Sürət Hüseynovla görüşüb, növbəti faciələrin qarşısını almağa çalışıb və hökumət qoşunlarının qanunsuz hücum etdiyi hərbi hissə ilə yerində tanış olub. Parlamentin spikeri İsa Qəmbərin istefasından sonra o, 15 iyunda Milli Məclisin sədri seçilib. Elçibəyin Kələkidən vəzifənin başına qayıtması üçün həm Heydər Əliyevin, həm Etibar Məmmədov dəfələrlə çağırış edib. Bundan sonra Milli Məclis Əbülfəz Elçibəyin prezident səlahiyyətlərindən məhrum edilməsi haqda səsvermə keçirdi. Beləliklə prezidentin səlahiyyəti Milli Məclisin sədri Heydər Əliyevə keçdi. Etibar Məmmədov isə Gəncədə 20 iyunda olub. Sürət Hüseynova etdiyi hərəkətin dövlətçilik üçün doğuracağı ağır fəsadları başa salıb. Etibar bəyin Mətbuat Konfransı zamanı isə artıq AXC-Müsavat iqtidarı biabırcasına süquta uğramışdı. Nə AMİP, nə də onun lideri Etibar Məmmədov Sürət Hüseynova dəstək verməyib, əksinə, qiyamın baş verməməsi üçün mümkün vasitələrindən istifadə edib”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: