iran abs muharibe 900x600 3

ABŞ Senatı ilk dəfə İranla müharibənin dayandırılmasına yönəlmiş qətnaməni dəstəkləyib. Məlumata görə, 50 senator  lehinə, 47 nəfər isə əleyhinə səs verib.

Digər tərəfdən isə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumətin üzvləri İrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyinə dair açıqlamalar səsləndirirlər. İsrailin “KAN” dövlət televiziyası isə İranın qabaqlayıcı zərbə endirmə ehtimalı səbəbindən ordunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirir.

İrana hücumlar yenidən başlayır? ABŞ Senatının belə bir qətnaməni dəstəkləməsi mövcud vəziyyətdə nəyə işarədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Rəşad Bayramov deyib ki, ABŞ Senatında İranla mümkün hərbi qarşıdurmanın dayandırılmasına yönəlmiş qətnamənin qəbul edilməsi Vaşinqtondakı siyasi elitanın məsələyə münasibətdə vahid mövqeyə malik olmadığının bariz sübutudur:

“50 senatorun qətnaməni dəstəkləməsi onu deməyə əsas verir ki, ABŞ daxilində xüsusilə uzunmüddətli Yaxın Şərq müharibələrinin ölkəyə siyasi, iqtisadi və hərbi baxımdan ağır nəticələr verdiyini düşünən ciddi bir siyasi qrup formalaşıb. Bu yanaşma, əsasən Konqresin prezidentin hərbi qərarlarına nəzarət etmək istəyi ilə də bağlıdır. Çünki ABŞ siyasi sistemində Senat və Nümayəndələr Palatası bəzən administrasiyanın xarici siyasət kursuna balans yaratmağa çalışır.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumətə yaxın şəxslərin İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyinə dair açıqlamaları göstərir ki, Vaşinqton tam şəkildə hərbi variantdan imtina etməyib. Əslində, ABŞ-ın İran siyasəti, onsuz da son illərdə “maksimum təzyiq” strategiyası üzərində qurulub. Bu strategiyanın əsas elementlərindən biri də hərbi təhdid faktorunun daim gündəmdə saxlanılmasıdır. O baxımdan, Senatın qətnaməsi hüquqi və siyasi mesaj xarakteri daşısa da, prezident administrasiyasının operativ hərbi qərarlarını tam bloklamaq gücündə deyil və daha çox simvolik təzyiq xarakteri daşıyır”.

WhatsApp Image 2025 11 20 at 11.15.40

Siyasi şərhçi qeyd edib ki, məsələnin digər mühüm tərəfi ABŞ və İsrail mediasında İranın qabaqlayıcı zərbə endirmə ehtimalına dair məlumatların yayılması ilə bağlıdır:

“Bununla həm ABŞ, həm də İsrail daxili və beynəlxaq auidotoriyada mümkün eskalasiya ssenarilərinə hazırlığın vacibliyini təlqin etməyə çalışırlar. İranın da öz növbəsində yeni hərbi əməliyyatlar olacağı halda müharibənin daha böyük əraziyə yayılacağına dair bəyanatları, yeni qarşıdurmanın meydana gələcəyi təqdirdə nəticələrin 40 günlük müharibədən daha ağır olacağını göstərir.

Amma bu sərt ritorikaya və tərəflərin hazırlıqla bağlı bəyanatlarına baxmayaraq, düşünürəm ki, diplomatik həll yolları hələ tam tükənməyib. Çünki həm ABŞ, həm də İran birbaşa müharibənin nəticələrinin son dərəcə ağır olacağını anlayır. Vaşinqton üçün belə bir müharibə enerji bazarlarında daha ciddi böhran, yeni hərbi xərclər, regionda ABŞ qüvvələrinə qarşı təhlükələrin artması və Körfəz ölkələrindəki müttəfiqlərin narazılığı deməkdir. O cümlədən, ABŞ özü də yeni əməliyyatların tez bir zamanda nəticə verəcəyinə əmin deyil. İran üçün isə həm iqtisadi, həm də hərbi baxımdan böyük risklər mövcuddur. Buna görə tərəflər daha çox psixoloji təzyiq, qarşılıqlı hədələmə və blokada vasitəsilə üstünlük qazanmağa çalışırlar.

Bütün bunların fonunda Senatın qətnaməsi, əslində ABŞ daxilində müharibə əlehdarı siyasi mövqenin gücləndiyini göstərən vacib siqnaldır. Lakin regiondakı geosiyasi dinamika, İsrail-İran qarşıdurması və Vaşinqtonun strateji maraqları nəzərə alınarsa, yaxın dövrdə gərginliyin azalacağından çox, idarə olunan şəkildə davam edəcəyi daha real görünür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: