Bu rayonda Qarabağdan Ermənistana gizli yollar var – Politoloq

Erməni separatçılarının Ermənistandan Qarabağa alternativ yollarla silah-sursat daşıması faktı artıq təsdiqini tapıb. Sosial şəbəkələrin Azərbaycan seqmentində erməni separatçıların Qarabağda qurduğu “hərbi hissə”lərdən birinin görüntüsü yayılıb.

Maraqlıdır, rəsmi Bakı ölkəmizin, ordumuzun təhlükəsizliyini təhdid edən prosesin qarşısını almaq üçün nə etməlidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, antiterror əməliyyatı qaçılmazdır:

“Separatçıların Ermənistandan Qarabağa alternativ yollarla silah-sursat daşıması ciddi məsələdir. Bu fakt onu deməyə əsas verir ki, belə yolların sayı düşündüyümüzdən çoxdur. Xüsusilə Kəlbəcərdə bu cür gizli dağ yollarının olması realdır.

Azərbaycan bu yolların aşkarlanması üçün mütləq şəkildə antiterror əməliyyatları keçirib, Laçın yoluna nəzarəti bərpa etməlidir. Laçın yolu bir başlanğıc olacaq. Separatçıların alternativ yolların aşkarlanması üçün burada nəzarətin ələ keçirilməsi vacibdir.

Bütün hallarda bizim mübarizəmiz separatçılarladır. Mülki şəxslər Azərbaycanın hədəfində deyil. Məqsəd burada Qarabağ ermənilərini blokadaya almaq deyil, əksinə onları separatçı rejimdən xilas etməkdir. Nə qədər ki separatçılar Qarabağa qanunsuz silah daşıyacaqlar, rəsmi Bakı erməni icması ilə danışıqlarda istədiyi effekti görə bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az