Tanınmış radioloq həkim Asif Nəsirlinin ölümü cəmiyyətdə ciddi rezonans doğurub. Bu hadisə son dövrlərdə xüsusilə həkim və müəllim kimi cəmiyyət üçün vacib peşə sahiblərinin üzləşdiyi problemləri yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edir ki, böyük məsuliyyət daşıyan bu peşələrin maddi təminatı əsasən dünya standartlarından geri qalır.
Digər tərəfdən, xərçəng xəstələrinin qarşılaşdığı çətinliklər də diqqət mərkəzindədir. Bu xəstəliklə mübarizə aparan insanlar həm psixoloji, həm də maddi baxımdan ağır yük altında qalırlar.
Bəs xərçəng xəstələrinə göstərilən tibbi xidmətlərdə müəyyən güzəştlərin tətbiqi mümkündürmü? Ümumilikdə, ölkədə onkoloji xəstəliklərin müalicəsi ilə bağlı səhiyyə sisteminin hazırkı vəziyyəti qənaətbəxş hesab oluna bilərmi?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, radioloq həkimin və pasiyentin ölümü ilə nəticələnən bu hadisə cəmiyyətlə dövlət arasındakı “sosial müqavilənin” səhiyyə sektorunda zədələnməsinin göstəricisidir:
“Səhiyyə iqtisadiyyatında sübut olunub ki, tibb işçisinin maddi təminatı ləyaqətli səviyyədə olmadıqda, o, sistemin boşluqlarını pasiyentlə münasibətdə kompensasiya etməyə məcbur qalır. Bu da həkimlə pasiyenti üz-üzə qoyan ən böyük amildir. Tibb işçisinə qarşı aqressiya qəbuledilməzdir, amma bu, vətəndaşın sistemdəki ədalətsizliyə, dərman çatışmazlığına və ya bürokratik maneələrə qarşı yığılmış qəzəbinin birbaşa ünsiyyətdə olduğu həkimə göstərməsidir”.
Onkoloji xəstəliklərin müalicəsinə gəldikdə isə, Nərmin Abbaslı düşünür ki, burada xərclərdə güzəştdən söhbət etmək absurdluq olar, çünki qanunvericiliklə onkoloji xəstələr üçün müalicə xidmətləri 100 faiz pulsuzdur:
“Lakin “fəlakətli səhiyyə xərcləri” reallığı ilə üz-üzəyik. Bir ailənin gəlirinin bəzi hallarda 60 faizdən çoxu müalicəyə gedirsə, o ailə iqtisadi cəhətdən məhv olur. İnkişaf etmiş ölkələrdə onkoloji xəstəliyin xərcləri fərdi yox, “Risklərin Birləşdirilməsi” (Risk Pooling) mexanizmi ilə dövlət və ya sığorta fondu tərəfindən tam qarşılanır. Bizdə isə bu mexanizm işləmədiyi üçün xəstə və onun yaxınları həm psixoloji, həm də maddi repressiyaya məruz qalırlar.
Nərmin Abbaslı
Şikayətlərin çoxluğu sistemin iki əsas sütununun axsadığını göstərir:
- Strateji satınalma yoxdur. Xəstəxanalar dərman və ləvazimatla mərkəzi şəkildə və vaxtında təmin olunmur.
- Şikayət mexanizminin iflic olması. Vətəndaşın haqlı şikayətini çatdıracağı və real nəticə alacağı bir platforma yoxdur. Şikayət etmək “islahata kölgə salmaq” kimi qəbul edildikcə, problemlər xroniki hala çevrilir”.
N.Abbaslının fikrincə, vəziyyəti düzəltmək üçün bir neçə təməl addım atılmalıdır və vacibdir:
“İcbari Tibbi Sığortada onkoloji paket təşkil olunmalıdır. Onkologiya tam şəkildə sığorta əhatəsinə alınmalı və “dərman tapılmır” bəhanəsi aradan qaldırılmalıdır. Həkimin maaşı sosial statusuna uyğun olmalıdır ki, o, pasiyentin cibinə deyil, müalicəsinə fokuslana bilsin. Şəffaflıq və rəqəmsallaşmaya getmək lazımdır. Hansı dərmanın dövlət tərəfindən verildiyi və xəstəxanada olub-olmadığı pasiyent üçün şəffaf şəkildə onlayn görünməlidir.
Bu faciə bizə bir daha xatırlatdı ki, səhiyyə sistemi sadəcə binalardan ibarət deyil. Bu, insan həyatı üzərində qurulmuş bir etika və iqtisadiyyat zənciridir. Bu zəncirin bir həlqəsi qırılanda, həm xilas edən (həkim), həm də xilas olmağa çalışan (pasiyent) eyni faciənin qurbanına çevrilir”.
Zaira Akifqızı
Globalinfo.az