%D0%91%D0%B5%D0%B7 %D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F

Aprelin 29-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan və 1,5 saat davam edən telefon danışığı bir çox baxımdan diqqət çəkib. Rusiya liderinin 9 May Qələbə paradına kimi Ukrayna ilə atəşkəs razılaşmasına hazır olduğunu bildirməsi maraqla qarşılanıb.

Digər tərəfdən, rəsmilər arasında müzakirələr fonunda ABŞ-İran müharibəsinin də müəyyən şərtlər altında bitirilməsi iddiası gündəmdədir. Analitiklərin fikrincə, hər iki münaqişənin eyni anda sona çata biləcəyinə dair fikirlər səsləndirilsə də, bu, çətin görünür.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Putinin Tramp ilə telefon danışığında atəşkəsə hazır olduğunu bildirməsi Ukrayna müharibəsində taktiki fasilə ehtimalını gündəmə gətirir:

“Lakin bu, müharibənin bitməsi anlamına gəlmir. Belə atəşkəslər adətən siyasi jest və ya mövqe gücləndirmə aləti kimi istifadə olunur. Digər tərəfdən, İran ətrafında mümkün hərbi gərginlik və ya münaqişə tam fərqli geosiyasi dinamikalara, aktorlara və maraqlara söykənir. Ona görə də iki prosesin eyni vaxtda bitməsi real koordinasiyadan çox təsadüfi üst-üstə düşmə ola bilər.

zuriye qarayeva 900x600 2
Züriyə Qarayeva 

Hər iki münaqişənin eyni anda yekunlaşması üçün böyük güclər arasında genişmiqyaslı siyasi razılaşma tələb olunur ki, hazırkı şəraitdə bu ehtimal zəif görünür. Ukrayna müharibəsi Avropa təhlükəsizlik arxitekturası ilə bağlıdırsa, İran məsələsi daha çox Yaxın Şərq balansı və nüvə proqramı üzərində qurulub. Bu səbəbdən paralel şəkildə gərginliyin azalması mümkündür, amma tam və eyni vaxtlı “bitmə” ssenarisi daha çox nəzəri ehtimal kimi qalır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: