Son günlər Türkiyənin bəzi media və sosial şəbəkə platformalarında Azərbaycan əleyhinə yayılan materiallar yenidən diqqət mərkəzinə gəlib. Azərbaycan Media və Yayım Şurası da sentyabrın 26-da Türkiyə media məkanında yayılan müəyyən qərəzli paylaşımlarla bağlı bəyanat yayıb. Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov isə bu cür kampaniyaların mənbələrinin araşdırılması və qarşısının alınması üçün Türkiyə ilə birgə təhqiqat qruplarının yaradılmasını təklif edib.
Bəs Azərbaycan və Türkiyə arasında informasiya təhlükəsizliyi sahəsində birgə mexanizmlərin yaradılması bu cür kampaniyaların qarşısının alınmasına necə təsir edə bilər?
Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, yayılan bu cür kampaniyalara ciddi yanaşmaq lazımdır:
“Belə halların qarşısının alınması üçün Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında informasiya təhlükəsizliyi sahəsində daha sistemli, daimi əməkdaşlıq mexanizmlərinin yaradılması faydalı ola bilər. Burada məqsəd hər hansı fikir və ya tənqidin qarşısını almaq deyil. Əsas məsələ qəsdən yayılan dezinformasiyanın, saxta hesablar və koordinasiyalı informasiya şəbəkələri vasitəsilə aparılan kampaniyaların vaxtında müəyyənləşdirilməsi, mənbələrinin araşdırılması, ictimaiyyətə düzgün məlumatın operativ çatdırılması olmalıdır”.
Arzuxan Əlizadə
Deputat bildirib ki, bu baxımdan, hər iki ölkənin müvafiq dövlət qurumları, media strukturları və lazım gəldikdə parlament nümayəndələrinin iştirakı ilə birgə işçi mexanizminin yaradılması təklifini məqsədəuyğundur:
“Belə bir mexanizm vasitəsilə informasiya təhdidləri barədə operativ məlumat mübadiləsi aparmaq, saxta məlumatların yayılma mexanizmlərini təhlil etmək və konkret hallarda hüquqi qiymətləndirmə üçün aidiyyəti qurumlara materiallar təqdim etmək mümkün olar. Eyni zamanda, belə məsələlərdə ən vacib məqamlardan biri Azərbaycan və Türkiyə cəmiyyətlərini qarşı-qarşıya qoyacaq ritorikadan çəkinməkdir. Ayrı-ayrı şəxslərin və ya media platformalarının mövqeyini bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim etmək düzgün deyil. İki ölkə arasında münasibətlər qarşılıqlı etimad və strateji tərəfdaşlıq üzərində qurulub. Buna görə də məqsəd yaranan hər bir informasiya problemini böyütmək yox, onu peşəkar, hüquqi və institusional mexanizmlərlə vaxtında həll etmək olmalıdır. İnformasiya təhlükəsizliyi sahəsində birgə fəaliyyət də məhz bu etimadın qorunmasına xidmət edəcək”.
Ləman İmran
Globalinfo.az