ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, İran rəhbərliyi Vaşinqton qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, Tehranla razılaşmanın əldə olunması mümkündür. Vensin bu açıqlaması Vaşinqtonun mövqeyini kifayət qədər aydın ortaya qoyur. Yəni ABŞ razılaşmanın qapısını tam bağlamır, əksinə, bunun üçün Tehranın müəyyən şərtləri qəbul etməsini tələb edir.
Problem isə ondadır ki, İran tərəfi Vaşinqtonun əsas tələblərinin bir qismini qəbul etməyəcəyini açıq şəkildə bildirir.
Tərəflərin mövqeləri bu qədər fərqli olduğu halda, söhbət real razılaşma ehtimalından gedir, yoxsa ABŞ və İran danışıqlar masasını hələlik açıq saxlamaqla mümkün yeni qarşıdurmaya hazırlıq görürlər?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Vensin mövqeyi rəsmi Vaşinqtonun danışıqların davam etdirilməsində maraqlı olduğunu göstərir:
“Lakin ABŞ İranın konkret öhdəlikləri yerinə yetirməsini əsas prioritet hesab edir. Hazırda tərəflər arasında ciddi fikir ayrılıqları qalır. İran nüvə proqramı, sanksiyaların aradan qaldırılması və Hörmüz boğazı ilə bağlı öz tələblərini irəli sürür, ABŞ isə Tehrandan daha geniş güzəştlər tələb edir.
Hazırda tərəflər maksimal tələblər qoymaqla qarşı bir-birinin nəbzini yoxlamaqdadır. Belə ki, daha ağır şərtlər irəli sürməklə maksimum güzəşt əldə etməyə çalışırlar. Buna baxmayaraq, Tehranın Vaşinqtonun bütün şərtlərini qəbul etməyəcəyini bildirməsi danışıqların mümkünsüzlüyü demək deyil. Beynəlxalq danışıqlarda ilkin mövqelər çox vaxt son razılaşmanı müəyyənləşdirmək üçün irəli sürülür.

Mütəllim Rəhimli
Yaxın perspektivdə əsas ssenari birdəfəlik böyük sazişdən daha çox aralıq razılaşmanın əldə olunmasıdır. ABŞ Prezidenti Donald Tramp bu yolla noyabrda keçiriləcək aralıq seçkilərindən qələbə ilə çıxmağa və dünyada neft böhranının qarşısını almağa çalışır. Yekun razılaşma uzanarsa, müvəqqəti saziş onun işinə yaraya bilər. Belə ki, danışıqlar nəticəsində İran müəyyən addımlar ata bilər, bunun qarşılığında ABŞ konkret iqtisadi və ya diplomatik güzəştlər verər. Belə mexanizm hər iki tərəfə daxili auditoriya qarşısında geri çəkilmədiyini nümayiş etdirməyə imkan yaradır. Üstəlik, siyasi və iqtisadi üstünlüklər də qazandıra bilər.
Bunlara əsasən demək olar ki, Vensin açıqlaması daha çox təzyiq və danışıqların paralel aparıldığını göstərir. Razılaşmanın qarşısındakı əsas maneə tərəflərin danışıqlardan imtina etməsi deyil. Hər bir tərəfin tələb etdiyi güzəştlərin hələlik bir-birinə uyğun gəlməməsidir. Ona görə də indiki durumu sövdələşmə mərhələsi adlandıra bilərik”.
Turan Rzayev
Globalinfo.az