Ucar rayonunda çaqqalın insanlara hücumunun bəzi təfərrüatları məlum olub.
Globalinfo.az bildirir ki, bu barədə yırtıcı heyvanın hücumuna məruz qalan Ucarın Rəstəcə kənd sakini Fatma Həsənova “Report”un Yuxarı Şirvan bürosuna açıqlamasında danışıb.
F.Həsənova həyətyanı sahədə işləyərkən qonşusu Güləndam Məmmədovaya çaqqalın hücum etdiyini görərək onun köməyinə qaçdığını, yaşlı qadını birtəhər xilas etdiyini deyib.
G.Məmmədova isə qonşusu köməyə gəlməsəydi, çaqqalın onu parçalayacağını bildirib.
Daha sonra evinə qayıdan F.Həsənova bu dəfə öz həyətində çaqqalın hücumuna məruz qalıb. Həyat yoldaşı Musa Həsənov onun səsini eşidərək həyətə çıxıb. Bu zaman çaqqal onun bir barmağını qoparsa da, ər-arvad çətinliklə yırtıcını öldürə bildiriblər.
Ağır xəsarət alan M.Həsənov və F.Həsənova dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***15:21
“Aprelin 17-də saat 19 radələrində çaqqal hücumu səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub”.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, onlara vəhşi heyvan dişləməsi diaqnozu təyin olunub:
“Pasiyentlərə zəruri tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar”.
***13:31
Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.
Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları – 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.
Ucar Rayon Mərkəzi Xəstəxanasından “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) caqqal dişləməsi diaqnozu ilə xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə daxil olublar.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.


