Screenshot 2026 04 21 202346

Vətən müharibəsindən sonrakı dövrlərdə şəhid ailələri və müharibə əlillərinə edilən sosial ödənişlərin məbləği 2 dəfə artırılıb. 25,6 min şəxsə müxtəlif birdəfəlik ödənişlər – sığorta ödənişləri həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində deyib.

Bildirib ki, Vətən müharibəsindən sonrakı dövrdə 132 min şəhid ailəsi üzvü və müharibə əlili 424 min müxtəlif xidmətlərlə təmin edilib. O cümlədən, 106 min şəxsə müxtəlif sosial ödəniş təyinatları ilə bağlı 120 min xidmət göstərilib. 

“Vətən müharibəsindən sonrakı dövrdə biz bu kateqoriyada olan 7200 şəxsin mənzillə təminatını həyata keçirə bilmişik. Ümumilikdə isə 16 min müharibə əlilinə və şəhid ailə üzvünə mənzil təminatını həyata keçirmişik. Bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı istiqamətində də iş aparmışıq. Ötən müddət ərzində 7,7 min şəxsin avtomobillə təminatını həyata keçirmişik. Müharibədən sonrakı dövrdə isə 570-ə yaxın şəxsi avtomobillə təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslər üçün sosial psixoloji dəstək, reabilitasiya tədbirləri də bizim üçün prioritet istiqamətlərdəndir. 11 min nəfərə 104 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətini təmin edə bilmişik. Əzalarını itirmiş hərbi qulluqçularımıza da dəstək veririk. Dövlət başçısının tapşırığı əsasında müharibə əlillərimizi ən yüksək texnoloji protez ortopetik vasitələrlə təmin edirik. Ötən müddət ərzində 500-dən çox hərbçini 622 yüksək texnoloji protezlə təmin edə bilmişik. Bu kateqoriyadan olan şəxslərin məşğulluğu istiqamətində də tədbirlər həyata keçirilir. Bilirsiniz ki, bu istiqamətdə məşğulluq marafonu ölkədə geniş vüsət alıb. Ümumilikdə, ötən müddət ərzində 30 minə yaxın şəhid ailə üzvünün və müharibə əlilinin aktiv məşğulluq proqramlarına cəlb olunmasına nail olmuşuq. Bu çərçivədə işsiz şəxslərin özünüməşğulluq proqramı da bizə böyük imkanlar yaradıb. 13,5 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını təmin edə bilmişik”, – nazir əlavə edib.

Paylaş: