İran hökuməti ABŞ-la İslamabadda keçirilməsi planlaşdırılan danışıqların növbəti raundunda iştirakdan imtina edib. Rəsmi Tehranın Vaşinqtonun qeyri-real və hədsiz tələbləri, daim dəyişən mövqeyindən dolayı müvafiq qərarı verdiyi bildirilir.
“Anadolu” agentliyi isə iki Pakistan rəsmisinə istinadən İranın danışıqlarda iştirak edəcəyini yazıb.
Aprelin 11-də baş tutan danışıqların nəticəsiz qalmasında sonra, aprelin 21-nə planlaşdırılan növbəti raundda razılaşmanın əldə olunması nə dərəcədə mümkün görünür?
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, danışıqlar ətrafındakı qeyri-müəyyənlik regionda gərginliyi yenidən artıra bilər:
“Halbuki tərəflər müharibədə maraqlı olmadığını bariz şəkildə hiss etdirirlər. Real faktlara əsaslansaq deyə bilərik ki, hər iki tərəf kifayət qədər yorğundur. Digər tərəfdən beynəlxalq ictimaiyyət də müharibənin əleyhinədir.

Elxan Şahinoğlu
Lakin danışıqlar baş tutmaz, İran Hörmüz boğazını açmazsa, müəyyən lokal toqquşmalar yaşana bilər. Artıq İran tərəfinin bir neçə neft daşıyan tankerinə atəş açılıb. Mümkündür ki, Hörmüz boğazının çıxışındakı gəmilərə də atəş açılsın. Nəticədə bunun yeni müharibəyə gətirib çıxarması təhlükəsiz var.
Pakistandakı görüşlə bağlı qeyri-müəyyənlik də gərginliyi artırır. ABŞ tərəfi heyət göndərdiyini açıqlayıb, lakin İran tərəfi heyəti göndərməzsə, Prezident Donald Tramp çətin vəziyyətdə qalacaq. Buna görə də ciddi qərarlar verməyə məcbur olacaq”.
Turan Rzayev
Globalinfo.az