Pakistanın Baş naziri Şahbaz Şərifin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə dörd günlük səfərə yola düşdüyü açıqlanıb.
Xarici İşlər Nazirliyi baş nazirin 15-18 aprel tarixində üç ölkədə səfərdə olacağını bildirib. İslamabadda ABŞ və İran arasında baş tutan danışıqlar fonunda Şərifin adı çəkilən üç ölkəyə səfəri diqqət çəkir.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Şahbaz Şərifin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfəri İranla əlaqədardır:
“Yəni İranla ABŞ arasında növbəti danışıqların baş verməsi gözlənilir. Şərif də ümumi bir konsensusun tapılmasına çalışır. Ümumilikdə, bu ölkələrin regionda həm ABŞ, həm də İranla münasibətləri normaldır. Lakin Vaşinqtonun bu ölkələrlə münasibətləri qədim tarixə malik deyil. Məqsəd ABŞ-a təsir etməkdir. Bundan başqa, Türkiyənin İran üzərindən təsiri daha güclüdür.

Zeynal Əmrəliyev
Şərif çalışır ki, bu ölkələri birbaşa özü ziyarət edərək ümumi bir razılığa gəlsin. Fikrimcə, proses bu səfərlərlə bitməyəcək. Pakistan lideri həmçinin Rusiya və Çinə də səfər edə bilər. Onların da bu məsələ ilə bağlı fikirlərini öyrənmək istəməsi mümkündür. Hazırda əsas məsələ məhz budur”.
Turan Rzayev
Globalinfo.az