Yaxın Şərqdə davam edən silahlı münaqişə regiondan kənarda da ciddi narahatlıq doğurur. Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, bu qarşıdurma Avropada dərin enerji böhranına səbəb ola və qitəni ağır sosial-iqtisadi sınaqlarla üz-üzə qoya bilər.
Bu ssenari mümkündürmü? Enerji böhranı gözlənilir?
Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, əgər müharibə uzun müddət davam edərsə, bu, enerji qiymətlərində kütləvi artıma səbəb ola bilər:
“Artıq bir neçə gündür müharibə başlayıb və neft qiymətlərində bəzi hallarda 20 faizi keçən artımlar müşahidə olunur. Çünki dünyada satılan neftin təxminən üçdə biri, bəzi hallarda isə ixrac olunan neftin yarıya qədəri ərəb ölkələrinin payına düşür və bu neftin böyük hissəsi məhz Hörmüz boğazından keçir. Həmin ərazidə hərbi əməliyyatların aparılması, orada müharibə şəraitinin yaranması, eyni zamanda gəmilərin və tanker daşımalarının təhlükəsizliyi ilə bağlı risklərin artması, eləcə də İranın dəfələrlə Hörmüz boğazını bağlamaqla hədələməsi nəticə etibarilə enerji qıtlığı ehtimalını gündəmə gətirir.
Birja qiymətləri onsuz da təhlükəsizlik məsələlərinə çox həssasdır və hətta real qıtlıq yaranmasa belə, təhlükəsizliklə bağlı narahatlıqlar neft qiymətlərinin artmasına səbəb ola bilər. Lakin bu artımın müvəqqəti ajiotaj xarakteri daşıyacağı, yoxsa uzunmüddətli olacağı daha çox müharibənin gedişatından asılıdır”.
Turab Rzayev
Ekspert bildirib ki, əgər münaqişə yaxın zamanda başa çatsa, tərəflər müəyyən razılığa gəlsə, ortaq məxrəc tapılsa və ya hərbi əməliyyatlar səngisə, neft qiymətlərinin müəyyən qədər sabitləşməsi mümkündür:
“Lakin müharibə daha da eskalasiya edərsə, İranın ətraf ölkələrə raket zərbələri artsa və nəticədə bölgədə hərbi əməliyyatların miqyası genişlənsə, bu halda enerji daşıyıcılarının, xüsusilə də neftin qiymətində ciddi artım qaçılmaz olacaq. Bunun nəticəsində onsuz da Rusiya-Ukrayna müharibəsindən sonra enerji qiymətlərinin artmasından əziyyət çəkən Avropa daha ciddi problemlərlə üzləşə bilər. Enerji qiymətlərinin yenidən yüksəlməsi həm Avropada iqtisadi çətinlikləri dərinləşdirə, həm də əhalinin gündəlik xərclərinin daha da artmasına səbəb ola bilər”.
Ləman İmran
Globalinfo.az