baki ehali 0 900x494 1

Evdə televizorun daima açıq olmasına öyrəşmişəm. Baxmasam belə, mütləq şəkildə evə ayaq basan kimi televizoru qoşub İTV-ni açıq qoyuram. Digər TV-lərdəki verilişlərə ümumiyyətlə göz gəzdirmirəm, sadəcə gecələr maraqlı film olarsa, izləyirəm. Bəli, verilişlər ürəkbulandırıcıdır, utancvericidir, mənim kimi bir çox insan üçün mənasızdır. Lakin…

Ölkədə əsas problem telekanalların vəziyyətidirmi? Hazırda sosial, təhsil, tibb və digər bütün sahələrdə vətəndaşların problem yaşamasının, çətinlik çəkməsinin səbəbi efirdəki şəxslərdir? Məsələn, müəssisələrdə son zamanlarda eşitdiyimiz ixtisarların, insanların işsiz qalmasının səbəbi o mahnılardır? Artıq işsizlərin də tibbi sığorta haqqı ödəməli olmasına dair qərarın verilməsinin səbəbi verilişlərə çıxanların geyimləridir? Yoxsa kommunal xidmətlərdəki artım, ictimai nəqliyyatda gedişhaqqının “dəyişməsi”nin səbəbi o mənasız musiqilərdir? Sadəcə ölkəyə, insanların vəziyyətinə diqqətlə, sakit bir şəkildə baxaq. Yaşlıların gələcəyə ümidi yoxdur, gənclərin çoxu gəncliklərini yaşamaq üçün həyatla mübarizə aparırlar.

Problemlərlə qaynayan, başını qaldıranda üzünə soyuq külək kimi dəyən çətinliklərin olduğu bir mühitdə sadə, hər şeydən xəbərsiz insanların efirlərdəki bəsit, düşünmə ehtiyacı hiss etdirməyən o yüngül proqramları izləməsini qınaya bilmirəm. İnsanların əylənməyə imkanı, işdən zamanı yoxdur, bəlkə tək əyləncə yeri efirdəki o mənasızlıqlardır? Çünki sıxıntılardan uzaqlaşmaları üçün tək yolları içi boş rəngli studiyalardır.

Mən bütün günü zülm çəkib yorulan, axşam evə qayıdanda bazarlıq etməli olan, lakin alacaqları ərzaqlara pulu çatmayan birini, “Niyə intellektual veriliş yox, boş, iyrənc insanların olduğu verilişi izləyirsən?” deyib qınaya bilmirəm. Adam günün ağırlığını qarşısına təqdim edilən o ortamla atmağa çalışır. Düşünmək istəmir. Artıq illərdir efirlərdə vəziyyət bərbaddır, təəssüf ki, zehni və fiziki baxımdan yüklənən insanlar bu yüngüllüyə öyrəşiblər. TikTok kimi bir platformada məşhur olan kontentlərə baxmaq kifayətdir, orada vəziyyət çox daha aydındır. Efirlər ciddi problemdir, həll edilməlidir, amma reklam üçün işləyirlər və onlara görə auditoriya toplamağın yeganə yolu hazırda belədir. Efir cəmiyyəti dəyişə bilməyəcək, cəmiyyət efirin tələbatını dəyişməlidir.

Jurnalistika fakültəsində bir cümlə var, “Kütlənin arxasınca getmə, onu öz arxanca apar”. Amma burada reallıq kütlənin vəziyyətindən asılıdır.

İllərdir televiziyalardakı vəziyyətdən narazılıq edilir, bunun aradan qaldırılması üçün müraciətlər olunur, çağırışlar edilir. Bəs nə baş verir? Hədəf göstərilən verilişlər bağlanır, yoxsa formatı dəyişdirilir? Heç biri. İnsanlar yenə baxmağa davam edir, onların reytinqi daha çox olur. Hazırda başqa kanallarda da musiqi verilişləri yayımlanır. Daha gözəl ifa analizi, retro mahnıların xatırlanması, fərqli səs sənətçiləri tərəfindən səsləndirilməsi və həqiqi sənətkarların müzakirəsi təqdim olunur. Bəs çoxluğun baxdığı hansı verilişlərdir? Bayağı dediyimiz. Təəssüf ki, burada keyfiyyət kəmiyyətə uduzur, mövcud vəziyyətdə digər bütün sahələrdə olduğu kimi. Yəni az da olsa seçim imkanı var, amma auditoriya məhz tənqid edilən verilişlərə diqqət göstərir.

Nəticə olaraq bəli, hər şey auditoriyadan asılıdır. Çünki kütlənin izləmə alışqanlığını, zövqünü onun psixologiyası, olduğu mühit və yaşam şəraiti formalaşdırır. Bəlkə efirləri, mövcud tələbləri dəyişmək üçün əvvəlcə cəmiyyətin vəziyyətini dəyişək?

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: