ABŞ İran rejiminə qarşı müxalifəti fəallaşdırır. Bir neçə gün bundan əvvəl İranın səkkiz nüfuzlu diaspora nümayəndəsi ABŞ-ın Corctaun Universitetində bir araya gələrək İranda baş verən hadisələri müzakirə ediblər. Onların müzakirələri İran Demokratiya Hərəkatının gələcəyinə həsr olunmuşdu. İranda nümayişlər başlayandan bəri ilk dəfədir ki, tanınmış müxalifət nümayəndələri bir yerə toplaşaraq vahid cəbhədən çıxış etməyə başlayır.
Tədbirdə iştirak edənlərin siyahısı onun nəticə verəcəyinə ümidləri artırır: Şahzadə Rza Pəhləvi, Nobel mükafatı laureatı Şirin Abadi, Doktor Həmid İsmailian, qadın hüququ fəalı Məsih Əlinejad, tanınmış aktrisa və fəal Nazəni Bunyadi, Gülşiftə Fərəhani, İran milli futbol komandasının keçmiş kapitanı Əli Kərimi, Komala Kürd Partiyasının Baş Katibi Abdullah Muhtadi. Bu, İranla bağlı proseslərin növbəti mərhələsinə hazırlıq hesab edilir.
Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, bütövlükdə ABŞ-ın İranla bağlı siyasəti təzyiqi artırmaq məqsədi daşıyır:
“İran-ABŞ münasibətlərinin əsasını İrandaxili gərginlik, nüvə danışıqları və onun üzərindən tətbiq olunan sanksiyalarla bağlı qarşıdurmalar təşkil edir.
ABŞ-da dissidentlərdən ibarət bir neçə fərqli müxalifət qrupları var. Problem odur ki, şahın tərəfdarları, yəni Qacarlardan və Pəhləvilərdən olanların məqsədləri də, ideologiyaları da fərqlidir. Məsələn, Məryəm Rəcəvinin rəhbərlik etdiyi İran Milli Müqavimət Şurasının məqsədi indiki İran hökumətini devirmək və yerində demokratik, dünyəvi respublika qurmaqdır. ABŞ hökuməti tərəfindən ona lobbi dəstəyi var, amma zəifdir, çünki geniş xalq kütlələri arasında heç bir sosial bazası yoxdur.
Əziz Əlibəyli
Digər müxalifət qrupu – İran Xalq Mücahidləri kimi tanınan “Mücahidi xalqi” təşkilatı radikaldır. Bu silahlı təşkilat əslində ABŞ hökuməti tərəfindən terrorçu təşkilat kimi tanınır. Onun da məqsədi İranda hökuməti devirməkdir, lakin yerində dini hökuməti saxlamaq istəyirlər. Onlar Qərbdə ciddi lobbiyə malikdir. Hazırda İranda insan haqlarının pozulması, demokratik dəyərlərin tapdanması, məlumatların azlığı, rejim dəyişikliyi məsələləri ilə bağlı onların aralarında fərqli yanaşma və problemlər var”.
Ə.Əlibəyli qeyd edib ki, regional təhlükəsizlik və gərginliyi əsas gətirən ABŞ və bölgədəki müttəfiqləri İranla bağlı mühacirətdə olan müxtəlif qrupların aktivləşdirilməsi siyasətini güdürlər:
“Ancaq onların İranda alternativ yaradacaqlarını düşünmürəm. İranda alternativ qrupu təşkil edib onun əhali tərəfindən qəbul edilməsinə və sosial bazasının olmasına ümid etmək absurddur. Hazırda ABŞ İran hökumətinə qarşı sırf təsir və təzyiq rıçaqlarını artırmaq məqsədilə müxalifət qrupunu səfərbər edib”.
Gülnar Səlimova
Globalinfo.az