Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə boğularaq ölən şəxslərdən biri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu imiş.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Rəvan Şahin oğlu Əliyev boğulmaqda olan 2 nəfəri xilas etməyə çalışıb.
O, 16 yaşlı Sənan Şamayevi dənizdən çıxarmağı bacarıb. Lakin, R.Əliyev digər yeniyetmə – 16 yaşlı Əli Elşən oğlu Cabbarovu xilas edərkən hər ikisi suda boğularaq həlak olub.
***
27 iyul 2025-ci il tarixində Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə batan iki nəfərin meyiti tapılıb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşlar – 2003-cü il təvəllüdlü Rəvan Şahin oğlu Əliyevin və 2009-cu il təvəllüdlü Əli Elşən oğlu Cabbarovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***09:37
Novxanı çimərliyində batan şəxslərlə bağlı araşdırma aparılır.
Globalinfo.az xəbər verir ki, ötən gün Binəqədi rayonunun Novxanı-Pirşağı yolunun kənarında yerləşən “Novxanı” ictimai çimərliyində Rəvan Əliyev və Əli Cabbarovun boğularaq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.