“Terrorsuz Türkiyə” prosesi üzrə 1978-ci ildən bu yana fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin silahsızlaşdırılması prosesinə başlanılıb. Artıq İraqın Süleymaniye bölgəsində Türkiyə nümayəndələrinin də iştirakı ilə bir qrup terrorçu silahlarını təslim ediblər. Təhvil alınan silahlar proses iştirakçılarının gözü qarşısında yandırılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalının təşəbbüsü əsasında həyata keçirilən bu proses Milli Kəşfiyyat Xidməti (MİT), Ərbil və Bağdadın əməkdaşlığı ilə yaxından izlənir.
Məlumata görə, cinayət törətməyən PKK üzvlərinə Türkiyəyə qayıtmaq imkanı veriləcək.
Beləliklə, PKK təhlükəsinin aradan qaldığına dair səsləndirilən fikirlər nə dərəcədə realdır? Bu proses regionda Türkiyənin diplomatik və təhlükəsizlik siyasətinə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, təşkilatın həbsdə olan qurucusu Abdullah Öcalanın PKK-ya müraciət edərək onları qarşıdurmaya son qoymaları və əllərində olan silahları təhvil verməyə çağırmasından sonra vəziyyət dəyişdi:
“Sözgedən müraciət PKK-nı iflic etdi. Bundan sonrakı müddətdə PKK-ya qarşı göstərilən münasibət ya terror fəaliyyətinin dirçəldilməsinə şərait yaradacaq, ya da qruplaşmaya tamamilə son qoyacacaq. Ona görə də vaxtı uzatmadan terrorçulardan silahların yığılmasına başlamaq zəruri idi.

Mütəllim Rəhimli
İndi əsas məsələ PKK-nın terror təhlükəsinə və təhdidlərinə son qoymaqdır. Silahsızlaşdırma mərhələsinin uğurla aparılması bütün bunları bitirə bilər. Beləliklə artıq Türkiyənin hər il PKK-nın vurduğu zərərləri aradan qaldırmağa və onunla mübarizəyə sərf etdiyi xərclər dövlət büdcəsində qalacaq. Bu isə ölkənin iqtisadi baxımdan irəliləyişi üçün vacibdir.
Həmçinin PKK probleminin aradan qalxması Ankaraya imkan verəcək ki, həm regional, həm də beynəlxalq siyasətə daha çox vaxt ayırsın. Bu isə onun beynəlxalq siyasi arenada aparıcı aktor rolunu gücləndirəcək”.
Turan Rzayev
Globalinfo.az