Son vaxtlar Türkiyənin bəzi media oraqanlarında Azərbaycana qarşı tənqidi yanaşma müşahidə edilir. Türkiyədə Azərbaycanın İsraillə strateji tərəfdaşlığını, xüsusilə enerji siyasətini yanlış və qərəzli şəkildə dəyərləndirənlər, bunu Bakının Təl-Əvivə dəstəyi kimi təqdim edənlər var.
Bir çox hallarda bu kimi iddialar Türkiyə mediası tərəfindən, ya da QHT-lər vasitəsilə tirajlanır. Xüsusilə də “Doğru Haber” portalında Azərbaycan-İsrail münasibətləri ilə bağlı ardıcıl qərəzli materiallar yayımlanır. Sonuncu “Azərbaycan-İsrail münasibətləri. Sionist rejimin Qəzzada həyata keçirdiyi soyqırımı prosesində; mürəkkəb, dolaşıq və pərdəarxası münasibətlər aydın şəkildə görünməyə başladı” sərlövhəli məqalə 11-dən çox media resursunda eyni başlıq və tezislərlə işıqlandırılıb. Bu isə artıq sadə informasiya yayımı yox, koordinasiyalı kampaniya təsiri bağışlayır. Azərbaycana qarşı qərəzli kampaniya Türkiyə mediasında və QHT sektorunda daha çox nəzərə çarpır.
“Doğru Haber” portalının ideoloji yönümü və siyasi yaxınlığı bilinən məsələdir. Portal adətən AKP hökumətinin, xüsusilə də partiyanın mühafizəkar-millətçi qanadına yaxın mövqedə dayanır. Bu yaxınlıq həm xəbərlərin seçimi, həm də təqdimat tərzində açıq şəkildə hiss olunur. Məhz bu səbəbdən Azərbaycan-İsrail əlaqələrinin yalnız selektiv və qərəzli aspektlər üzərindən təqdim olunması suallar doğurur.
Türkiyə ictimaiyyətinin mühafizəkar və millətçi təbəqələrində İsrailə sərt münasibət mövcuddur. “Doğru Haber” portalı başda olmaqla ona istinad edən media subyektləri bu vəziyyətdən sui-istifadə edir, Fələstin məsələsinə dini, siyasi motivli emosional yanaşma sərgiləyərək Azərbaycan-İsrail əməkdaşlığını qərəzli şəkildə sərt tənqid edir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan-İsrail əməkdaşlığı heç bir şəkildə Fələstin əleyhinə yönəlmiş siyasət deyil. Əksinə, Azərbaycan, beynəlxalq hüquqa sadiq qalaraq, Fələstinin suverenliyini və iki dövlət prinsipini dəstəkləyən mövqe nümayiş etdirib. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Bakı hər zaman Fələstinlə həmrəylik sərgiləyib. İsraillə əməkdaşlıq isə Azərbaycanın strateji təhlükəsizlik və texnologiya maraqları çərçivəsində formalaşıb – bu, siyasi reallıqdır, mənəvi mövqe deyil.
Ümumiyyətlə, 7 oktyabr 2023-cü il HƏMAS-ın İsrailə böyük hücumu İsrail-Fələstin münaqişəsini yenidən alovlandırdı. Rəsmi Təl-Əviv bu hücumu dəf etdikdən sonra dərhal Qəzzada hərbi əməliyyatlara başladı. Bu isə yeni normallaşmaqda olan Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirdi. Türkiyə ictimaiyyətində və bəzi siyasi dairələrdə Fələstinə, Qəzzaya dəstək və anti-İsrail ritorikası artmağa başladı. Qısa zamanda vəziyyət həm də Azərbaycan-Türkiyə münasibətlərinə təsir edəcək səviyyəyə çatdı.
Bu səpkidə ilk ciddi insident 2024-cü ildə SOCAR-ın Türkiyənin İstanbuldakı ofisi qarşısında “Fələstin üçün min gənc” adlı qrupun aksiya keçirməsi oldu. Neft şirkəti ofisinin Üçrəngli Bayrağımızın rəngləri olan divarlarına qırmızı boya atan aksiya iştirakçıları ofisin giriş qapılarını sındırmağa çalışdılar. Aksiyalar şəraitində səslənən “İsrail mallarını boykot” və “soyqırımçı İsrailə neft verən SOCAR” kimi şüarlar isə bir daha göstərdi ki, aksiyaların təşkilində və təşviqində bəzi siyasi qüvvələrin, eləcə də ictimaiyyətin müəyyən hissəsinin həmçinin QHT-lərin, media subyektlərinin rolu var.
Türkiyədə Azərbaycanın İsraillə əlaqələri qəsdən mənfi prizmadan göstərilir, real faktlar təhrif edilir. Halbuki Azərbaycan-İsrail münasibətləri çoxşaxəli, strateji və uzunmüddətli əməkdaşlıq üzərində qurulub. Müdafiə, enerji, texnologiya və təhlükəsizlik sahələrində bu əlaqələr Azərbaycanın milli maraqları üçün əhəmiyyətlidir. Məsələn, 44 günlük Vətən müharibəsində İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları Azərbaycanın hərbi üstünlüyünü təmin etdi. Bununla yanaşı, hərbi təhsil və texnologiya transferi kimi sahələrdə əməkdaşlıq davam edir və genişlənir. Lakin bu o demək deyil ki, rəsmi Bakı Təl-Əvivin dəstəyinə cavab olaraq İsrailə neft-qaz satır.
Azərbaycanın İsraillə enerji siyasəti də Türkiyədə çox yanlış anlaşılır. Xüsusilə qeyd edim ki, dünyada neft ticarəti traderlər vasitəsilə həyata keçirilir və şirkətlər satdıqları məhsulun son alıcısını hər zaman nəzarətdə saxlaya bilmirlər. Lakin bununla belə Azərbaycan İsrailə enerji nəqlini havadan etmir. Belə ki, Azərbaycanın enerji siyasəti İsrail və Türkiyə ilə əlaqələri kompleks və çoxşaxəlidir. Enerji nəqliyyatında Türkiyənin Ceyhan limanının rolu kritikdir və Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında əvəzsizdir. İsraillə hərbi və texnoloji əməkdaşlıq, enerji sahəsindəki strateji tərəfdaşlıq Azərbaycanı regionda güclü oyunçu edir. Türkiyə isə bu əlaqələrin tranzit və siyasi müstəvisində mərkəzi rol oynayır.
Azərbaycanın İsrailə enerji nəqlinin Fələstinlə müharibəyə heç bir əlaqəsi yoxdur. Əksinə, Azərbaycan İsrail-Fələstin münaqişəsində rəsmi olaraq neytral mövqe tutur, həmişə beynəlxalq hüququn prinsiplərinə, BMT qətnamələrinə və ikidövlətli həll prinsipinə sadiq qalıb. Məsələn, Azərbaycan Fələstinin BMT-də müşahidəçi dövlət statusu qazanmasına dəstək verib, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında Fələstin məsələsi ilə bağlı qəbul edilən qərarların lehinə səs verib. Azərbaycan rəsmi şəkildə Fələstin dövlətini tanıyır və münasibətlərində balanslı mövqe nümayiş etdirməyə çalışır. Bakının İsraillə strateji əməkdaşlığını avtomatik olaraq Fələstinə qarşı mövqe kimi təqdim etmək doğru deyil. Bu, həm regional təhlükəsizlik, həm də iqtisadi maraqların məntiqi nəticəsidir.
Azərbaycanın İsraillə strateji əməkdaşlığı milli maraqlara əsaslanır və Türkiyə ilə münasibətlərin pozulmasına xidmət etməz. Münasibətlərin İsrailə dəstək kimi şərh edilməsi, ya da Bakını müharibənin tərəfi kimi göstərmək ancaq Azərbaycan-Türkiyə qardaşlığının zədələnməsinə səbəb olar.
Bu gün Türkiyə ictimaiyyətində mövcud olan emosional gərginliklərin azalması, həmçinin xarici siyasət məsələlərinin təfərrüatlı və balanslı dərk edilməsi vacibdir. Hələlik biz Türkiyədən gələn ittihamların şahidi oluruq. Məsələn, “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı tənqidlər bunlardan bəlkə də ən absurd və tragikomikidir. Azərbaycanın İsrailə 12 xal verməsi Türkiyə ictimaiyyətində ciddi emosional reaksiya doğurub. Bu addım bəziləri tərəfindən “Fələstin məsələsində İsraili dəstəkləmək” kimi yozuldu, tənqid olundu. Lakin bu yanaşma da faktlardan uzaqdır. Maraqlıdır ki, Azərbaycanın “Avroviziya”da İsrailə verdiyi 12 xal ilk deyil. Bakı həmçinin Gürcüstan, Yunanıstan, Baltikyanı ölkələr və digər qonşularına da yüksək xal verib.
Nəticə etibarilə bu emosional manipulyasiyalar Türkiyənin Azərbaycanla münasibətlərinə zərbə vurmaq üçün istifadə olunan alətə çevrilir. Halbuki Azərbaycan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərinə heç vaxt eyni emosional reaksiya ilə yanaşmayıb. Azərbaycanın təmkinli mövqeyi 2022-ci ildən bəri Türkiyə-Ermənistan yaxınlaşmasına dair konkret nümunələrdə özünü göstərib. Maraqlıdır ki, keçmişdə Türkiyə də Ermənistana yüksək xal verib, lakin bu, Azərbaycanda siyasi təpkilərə səbəb olmayıb.
Bu gün hər iki ölkə üçün həyati əhəmiyyət daşıyan regional sabitlik, enerji təhlükəsizliyi və milli maraqların qorunması naminə qarşılıqlı etimada əsaslanan səmimi dialoq bərpa edilməli, emosional və qərəzli yanaşmalar dayanmalıdır. Əks halda, bu cür dezinformasiyalar və daxili siyasi alətlər kimi istifadə olunan ritorikalar yalnız Azərbaycan-Türkiyə münasibətlərinə deyil, ümumilikdə türk dünyasının həmrəyliyinə və regional təhlükəsizliyə zərbə vurmuş olacaq.
Hesab edirəm, bu gün Türkiyədə türk dünyasının həmrəyli, Türk Dövlətlər Təşkilatının (TDT) inkişafı önündə ciddi maneə törədən, bunda maraqlı olan qruplar çoxdur. Emosional gərginliyin fonunda, məsələn, Ömər Faruk Gergerlioğlu kimi Türkiyənin bəzi siyasətçiləri Azərbaycanı açıq şəkildə tənqid edir. Gergerlioğlu kimi keçmişdə terror təşkilatlarının təbliğatı ittihamı ilə məhkum olunan birinin Azərbaycana qarşı tənqidləri dar çərçivədə siyasi məqsədli manipulyasiya xarakteri daşıyır. Lakin məsələyə daha geniş prizmadan yanaşdıqda görmək olur ki, əslində, bu, TDT-yə və ümumilikdə türk birliyinə qarşı aparılan məqsədyönlü siyasətdir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı