semed 1212

“Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyasında iştirak etməsi, mövqeyini bildirməsi, daha sonra ikitərfli və üçtərəfli görüşlərə qatılması çox mühüm və vacib məsələdir. Müqayisə üçün deyim ki, biz illər boyu Avropa parlament strukturlarında aktiv şəkildə iştirak etmişik. Bu gün bizim Asiya parlament strukturlarında da iştirak etməyimiz ölkəmizin bütün dünyanın beynəlxalq təşkilatlarına verdiyi qiyməti göstərir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, 13-cü Plenar Sessiya çərçivəsində Azərbaycan və Türkiyə parlament sədrləri ikitərəfli, yüksəksəviyyəli görüş keçirdilər:

“Bu, növbəti dəfə sübut edir ki, iki ölkənin əlaqələri bu gün pik həddə çatıb. Yeri gəlmişkən, hər iki ölkə başçıları dəfələrlə bunu qeyd edir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun rəhbərliyi ilə Türkiyə, Azərbaycan və İran parlament sədrlərinin üçtərəfli görüşü də keçirildi və deyərdim, bu görüş də olduqca vacib idi. Belə ki, görüşə diqqətlə nəzər yetirdikdə görə bilərik ki, həm hörmətli Mustafa Şəntopun, həm də xanım Sahibə Qafarovanı mövqeləri üst-üstə düşür.

O ki qaldı İrana, deyə bilərəm ki, rəsmi Tehran keçən ilin sonlarından başlayaraq ritorikasını dəyişməyə başlayıb. Bildiyiniz kimi, İran 2022-ci ildə kifayət qədər sərt ritorikadan istifadə edir, Azərbaycanı açıq şəkildə hədələyirdi. Araz çayı boyu keçirilən hərbi təlimlər də bunun ən bariz sübutudur.

2022-ci ilin sonlarına doğru hər iki ölkənin xarici işlər nazirlərinin keçirdiyi görüş və s. bir sıra məqamlar İranın ritorikasını dəyişdirdi”.

parlament sedrleri

S.Seyidovun sözlərinə görə, İranın region ölkələri ilə apardığı xarici siyasət böyük ölçüdə Azərbaycandan asılıdır:

“İranın ritorikanı dəyişməsi həm də onu deməyə əsas verir ki, cənab Prezident elə bir siyasət aparır ki, o siyasəti qəbul edib, hörmətlə yanaşmaq lazımdır. Bu gün region ölkələri Ermənistan, Gürcüstan ilə müqayisədə Azərbaycan açıq şəkildə güclü olduğunu nümayiş etdirir. Türkiyə ilə münasibətlərin pik həddə inkişaf etməsi və rəsmi Ankaranın dəstəyi ilə Bakının regionda çəkisi daha da artıb. Bu isə regionun digər güclü ölkələri İran və Rusiya ilə münasibətlərdə olduqca vacibdir.

İran regionda maraqlı ölkələrdəndir. Lakin rəsmi Tehran bir çox baxımdan rəsmi Bakıdan asılıdır. Misal üçün, İranın Rusiya ilə əlaqələrini Azərbaycansız təsəvvür etmək olmaz. Və ya Türkiyə ilə münasibətlərdə rəsmi Bakı əsas önəmli ölkədir. İranın Ermənistan siyasəti belə Azərbaycandan asılıdır.  Çünki Azərbaycanın apardığı xarici siyasət nəticəsində Ermənistan bir müddət sonra danışıqlara oturacaq. Ermənistan kapitulyasiya aktlarını mütləq icra edəcək. Cənab Prezident yeni il müraciətində dedi ki, biz Zəngəzur dəhlizinin açılmasına nail olacağıq”.

Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün İran vəsitəsilə Naxçıvana yol tikir:

“Göründüyü kimi iki ölkə arasında münasibətlər var və İran buna görə ritorikanı dəyişməyə məcburdur. Hesab edirəm, biz İranın ritorikanı yenə yumşaldacağını  görəcəyik. Bunlar öz əlaqələrindən imtina etmək istəmir. Digər ölkələr kimi İran da Azərbaycanın yaratdığı reallıqları qəbul edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: