Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevral tarixlərində Malayziya, İndoneziya və Pakistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, dəvətlərə cavab olaraq həyata keçiriləcək səfər çərçivəsində sözügedən ölkələrlə Türkiyə arasında mövcud əməkdaşlıqların yeni layihələrlə daha da inkişafı üçün birgə müştərək addımlar müəyyənləşdiriləcək.
Bundan başqa, Türkiyə Prezidenti İndoneziya və Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək.
“Möhtərəm Prezidentimizin səfər edəcəyi ölkələrlə ikitərəfli müqavilələrin möhkəmləndirilməsi məqsədilə müxtəlif sahələrdə sazişlərin imzalanması, işgüzar dairələrlə görüşlərin keçirilməsi nəzərdə tutulur”, – deyə Altun qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az