“Ermənistan Respublikası regionda kommunikasiyaların açılması üçün “Sülhün kəsişməsi” layihəsini masaya qoyub və onu həyata keçirməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına münasibətdə deyib.
Paşinyan İrəvanın regionda nəqliyyat əlaqələrinin bərpasını dəstəklədiyini bildirib:
“Bizim layihəmiz bölgədə bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Ermənistan ərazisindən keçməklə Azərbaycana dəmir yolunun tikilməsi təklif olunub, bizim üçün məsələnin konkret həlli bu layihədir və Bakıdan müsbət cavab gözləyirik. Daha sonra kağız üzərində razılaşma əldə olunar və biz dəmir yolunun tikintisinə başlayarıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün verdiyi müsahibə zamanı Zəngəzur dəhlizinin açılmalı olduğunu və açılacağını bildirib.
Ekspertlər Paşinyanın “Sülhün kəsişməsi” layihəsinin Bakının maraqlarına cavab vermədiyini, Qərbdə hazırlandığını vurğulayırlar.
Ayşən Mustafa
Globalinfo.az














