Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Heyvanlar aləmi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
***
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb.
Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.