ilin yekunlari

Başa vurmaqda olduğumuz il ölkəmiz üçün siyasi, iqtisadi, geopolitik, hərbi sferalarda bir çox əhəmiyyətli hadisələrlə yadda qaldı.

Globalinfo.az 2022-ci ilin yekun dəyərləndirilməsini oxuculara təqdim edir.

Politoloq Turab Rzayev saytımıza şərhində bu il Azərbaycanın hərbi sahədə kifayət qədər uğurlarının olduğunu deyib:

“Biz sübut etdik ki, Azərbaycan Ordusu Ermənistan ordusundan həm texnoloji, həm hərbi hazırlıq, həm də personal cəhətdən üstündür. İstər sentyabr döyüşləri, istərsə digər sərhəd toqquşmaları zamanı bunu açıq şəkildə rəqibə göstərdik. Artıq Ermənistan Azərbaycanla hərbi dildə danışmağı dayandırıb və açıq şəkildə yardım istəməklə məşğuldur. Yəni biz Paşinyan rəhbərliyindən, Qarabağ ermənilərinin saxta “lider”lərindən hərbi ritorika eşitmirik. Əksinə, onlar bütün dünyaya Azərbaycanın daha güclü olduğunu və ondan qorunmağı tələb edirlər.

Digər tərəfdən, Azərbaycan Qarabağ məsələsində öz qırmızı xətlərini gözləyəcəyini, heç bir qüvvəyə bu bölgədəki maraqlarını, nə də ərazi bütövlüyünü güzəştə getməyəcəyini bildirdi. Daha əvvəlki Fərrux əməliyyatı və digər lokal əməliyyatlarda, ən son eko-fəalların etiraz aksiyaları ilə bunun bir daha şahidi olduq.

Azərbaycan Türkiyə ilə Şuşa Bəyannaməsinə uyğun olaraq birgə hərbi təlimlər keçirdi. İranın Azərbaycana qarşı təcavüzkar addımların qarşısı alındı. İran Azərbaycana qarşı açıq şəkildə sərhədlərimizdə iki dəfə hərbi təlim keçirməklə güc nümayiş etdirdi. Biz İrana qarşı Türkiyə ilə birgə güc nümayişini göstərdik”.

Turab rzayev 2

T.Rzayev Azərbaycanın iqtisadi əhəmiyyətli layihələrindən Balkan regionu və Avropa İttifaqı ilə birlikdə Avropanın enerji təhlükəsizliyindəki rolunu vurğulayıb:

“Ən son isə Azərbaycan Türkmənistan və Türkiyə ilə Transxəzər qaz kəməri ilə bağlı birgə razılıq əldə etdi. Azərbaycan gələcəkdə Avropanı yaşıl enerji ilə – həm günəş, həm külək, həm də hidrogen enerjisi ilə təmin etməyi də öhdəliyinə götürüb.

Daha önəmli bir məsələ Frankofoniya çərçivəsində Albaniya, Mərakeş kimi ölkələrin Azərbaycanı Fransaya qarşı müdafiə etməsi oldu. Azərbaycan Fransa qarşısında da geri addım atmadı, onun imperialist siyasətini açıq şəkildə ifşa etdi. Bu çox önəmli bir məqam idi.

Türkmənistan ilə əlaqələrin yaxşılaşdırılması, ümumiyyətlə Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin gücləndirilməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla birbaşa ikitərəfli əlaqələrin yüksək səviyyəyə çıxarılması da prioritet elan olundu. Həmin ölkələrlə Azərbaycanın iqtisadi dövriyyəsi bir neçə dəfə artıb, siyasi əlaqələr inkişaf edib. Bu ölkələrin hər birində Azərbaycan dövlət rəhbəri səviyyəsində xüsusi istiqanlıqla qarşılanıb. Bu da Türk Dövlətləri Birliyi istiqamətində uğurlu inkişaf planı kimi təqdim oluna bilər.

Eyni zamanda, Azərbaycan 2022-ci ildə Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində Türkiyəli general-polkovnik Bəxtiyar Ersay paşanın açıq şəkildə hərbi müşavir təyin edilməsi çox önəmli addım oldu. Azərbaycan açıq şəkildə sülhməramlıların qalma müddətinin uzadılmayacağını bildirdi. Eyni zamanda, Qarabağda heç bir statusun olmaması ilə bağlı mövqeyini açıq şəkildə bəlli etmiş oldu”.

Politoloq daha bir önəmli addımın Azərbaycanın unitarlaşması istiqamətində atıldığını dedi:

“Bu ilk növbədə Naxçıvandakı güc strukturlarının rəsmi Bakıya tabe etdirilməsi, ən son isə Naxçıvan Ali Məclsinin sədrinin vəzifədən kənarlaşdırılması MR-nın artıq birbaşa mərkəzdənqaçma meyllərinin qarşısnın alınmasında, Bakıya tabe edilməsində, Azərbaycanın unitarlaşması və mərkəzi hakimiyyəti güclənməsində çox önəmli addım oldu.

Artan enerji qiymətləri və enerji qıtlığı fonunda Avropada Azərbaycanın xüsusi dövlətə çevrilməsi, əsasən də Balkan dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi, Mərkəzi Asiyada əlaqələrin inkişaf etdirilməsi, çoxşaxəli xarici siyasətin davam etdirilməsi Azərbaycan xarici siyasətinin ən aparıcı ana xətlərini təşkil edib”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirib ki, 2022-ci ili Azərbaycanda bir sıra iqtisadi yeniliklər və uğurlarla müşahidə olunan il adlandırmaq olar:

“Belə ki, məhz 2022-ci ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olundu. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərində fəaliyyət göstərən sahibkarlara ciddi şəkildə güzəşt mexanizmi qanunla təsdiq olundu. İşğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri, infrastruktur layihələri genişləndirildi, eyni zamanda Zəngilan hava limanının açılışı həyata keçirildi.

Azərbaycan hökuməti ilə həm region, həm də Avropanın müxtəlif ölkələri arasında əhəmiyyətli hökümətlərarası memorandumlar, müqavilələr imzalandı ki, qarşıdakı illərdə birgə əməkdaşlığın daha da uğurla həyata keçirilməsi üçün bu çox vacib məsələ idi. Bu il Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyinə dair imzaladığı sənəd ölkənin qaz gəlirlərini ilk dəfə olaraq bərabərləşmə səviyyəsinə gətirib çatdırdı.

Ötən il Avropaya ixrac edilən qazın həcmi 9 milyard kub metrə qədər çatmamışdı. Bu il isə artıq 11,3 milyard kub metrlik qaz ixracının ilin sonunda tamamlanacağı gözlənilir”.

181292 3rkdqvu49v

İqtisadçının sözlərinə görə, Azərbaycanda bir sıra sahələrdə ciddi uğurlara nail olunsa da, infilyasiya səviyyəsi ilə bağlı göstərici son illərin ən yuxarı həddinə gəlib çatıb:

“Düzdür, həm dövlət, həm də hökumət tərəfindən müxtəlif səpkili anti-infilyasiya tədbirləri görülsə də infilyasiyanın əsas səbəbinin qlobal xarakterli olması onun təkrəqəmli səviyyədə saxlanmasına imkan vermədi. Buna görə də infilyasiya təxminən 14% ətrafında müşahidə edildi. Ərzaq infilyasiyası isə 20%-dən yuxarı səviyyədə formalaşdı. Hökumət tərəfindən idxalın təşviqi, sahibkarlara dəstəyin göstərilməsi, ixracın tənzimlənməsi, əmək haqlarının artırılması ilə bağlı ilin əvvəlindən verilmiş qərarlar verildi. Və bu istiqamətdə aztəminatlı ailələrə bu və ya digər formada dəstəyin göstərilməsi müşahidə edildi.

Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılması ilə infilyasiyanı cilovlamağa çalışıldı. Bütün bu tədbirlər olmasaydı, infilyasiyanın həddi daha yuxarı olacaq və insanlar üçün daha ciddi problemlər yaranacaqdı.

Ən əsası, 2022-ci ildə də manatın ucuzlaşması baş vermədi. Çünki dövlət makroiqtisadi tarazlığı qoruyub saxlamaq üçün milli valyutanı məzənnə stabilliyinə yenə də üstünlük verdi”.

E.Əmirov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 29,1 milyard manatdan 30,8 milyard manata qədər yüksəlib:

“Bu il təhsil və səhiyyə xərcləri əhəmiyyətli dərəcədə artırıldı. Ölkənin valyuta ehtiyatları Mərkəzi Bankda 7,9 milyard dollara, Dövlət Neft Fondunda isə 45,4 milyard dollara çatdı ki, bu da nəticədə 55 milyard dollara yaxın valyuta ehtiyatlarının formalaşması ilə nəticələndi.

Eyni zamanda, hesabat dövründə kapital qoyuluşları 13 milyarddan daha yuxarı səviyyəyə artdı ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8%-dən daha çoxdur.

Kənd-təsərrüfatında da məhsul istehsalı 11 milyard dollara yaxınlaşdı ki, bu da ötən il ilə müqayisədə 3-4% həcmində artım deməkdir. Sənaye məhsullarının istehsalında, qeyri-neft sektorunda da artım müşahidə edildi. Eləcə də qeyri-neft ixracı üzrə artım da kifayət qədər yuxarı səviyyədə oldu.

Ölkədə elektron ticarətin təşviqi nəticəsində bu göstəricilərdə də ciddi artımlar müşahidə edildi. Yəni nağdsız ödənişlərin həcmində artımlar baş verdi.

Ötən ilin göstəricilərinə görə, 92,8 milyard manatlıq ÜDM olmuşdusa, bu il bu göstəricinin 100 milyardı ötərək 105 milyard manat ətrafında formalaşacağı gözlənilir. Minimum əmək haqqı 250 manatdan 300 manata qaldırıldı, pensiyaların indeksasiya edilməsilə bağlı yeni yanaşma tətbiq olundu.

Eyni zamanda alternativ enerji mənbələrinə keçidlə bağlı ciddi addımlar atıldı. Böyük Britaniyaya məxsus şirkətlə və iki ərəb şirkəti ilə alternativ enerji mənbələrinə investisiyanın yatırılması ilə bağlı razılıq əldə olundu. Onların bəzilərində artıq işlər başlanılıb”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: