“Azərbaycan və Ermənistan sülh müqaviləsi mətni üzrə tam razılığa gəliblər”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan yekun mətnin imzalanmasını təklif edib. Amma rəsmi Bakı Ermənistanın konstitusiya və Müstəqillik Bəyannaməsindəki dəyişiklikdən sonra bunun mümkün olacağını qeyd edib.
Nəşr yazır ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə sənədə imza atılması üçün müraciət edib. Lakin Əliyev İrəvanın ilk növbədə konstitusiyanı dəyişdirməli olduğunu bildirib. Bununla ərazi iddialarının geri götürülməsi və ermənilərin gələcəkdə Azərbaycanla yeni müharibəyə hazırlaşma ehtimalının aradan qaldırılmasının vacibliyi vurğulanıb.
“Ermənistanın baş naziri Azərbaycan Prezidentinə hazırda ictimaiyyətdə vəziyyətin gərgin olduğunu və konstitusiya dəyişikliyi, referendum cəhdinin İrəvan hökuməti üçün riskli olduğunu deyib. Bu səbəblə sülh müqaviləsinin indi imzalanması, konstitusiya dəyişikliyindən sonra qüvvəyə minməsi təklifi ilə çıxış edib. Lakin rəsmi Bakı ilk növbədə şərtlərin yerinə yetirilməli olduğunu, müqavilənin bundan sonra imzalanacağını qeyd edib”, – deyə “Hraparak” yazıb.
Qeyd edək ki, rəsmi Bakı hələ də sülh müqaviləsi ilə bağlı razılaşdırılmayan bəndlərin olduğunu bildirib. Burada əsas məqam Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Sözügedən əsassız iddialar aradan qalxmadığı təqdirdə sülh müqaviləsinin imzalanmayacağı dəfələrlə bəyan edilib.
Ayşən Mustafa
Globalinfo.az