putin baki scaled 1

Ukraynanın yüksək səviyyəli diplomatlarından biri “Politico”ya açıqlamasında deyib ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanda keçiriləcək COP29 tədbirinə qatılacağı təqdirdə beynəlxalq ictimaiyyəti boykota çağıra bilər.

Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Vsevolod Çentsov da müsahibəsində bunu təsdiqləyib:

“Biz bu təzyiqi göstərməliyik və tərəfdaşlarımız Azərbaycana başa salmalıdırlar ki, əgər Putin oradadırsa, onlar gəlməyəcəklər”.

Kiyevin bu tələb-çağırışına Bakının cavabı nə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı dəqiq məlumat yoxdur:

“Rusiya Baş nazirinin iştirak etməsi də istisna deyil. Çünki Putin bu gün dünyanın hədəfindədir. 100 minlərlə insanın yenidən hansısa iradları ilə üzləşmək istəməz. İndiki halda bu o qədər də ağılabatan gediş deyil. Putinin COP29 sammiti ilə əlaqədat Azərbaycana gəlməsi digər ölkələrin də etirazına səbəb ola bilər. Bu tədbirin hansısa formada kimlərsə tərəfindən boykot olunması heç Azərbaycanın da maraqlarına uyğun deyil”.

eli mustafayev

Əli Mustafayev

Siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakı siyasətin, əldə ediləcək dividentlərin risk altına qoyulmasına razı olmaz:

“Ukraynanın belə bir çağırış etməsi diplomatik baxımdan doğru deyil. Müəyyən çağırışların olması normaldır, amma bu qədər sərt formada yox. Əgər Vladimir Putin tədbirdə iştirak edərsə, bundan bir neçə ölkə bəhanə kimi istifadə edə, nəticədə Bakıya gəlməyə bilər. Lakin bunun geniş miqyas daşıyacağını düşünmürəm”.

Əli Mustafayev qeyd edib ki, Azərbaycan bu addımı mənfi dəyərləndirəcək:

“Azərbaycan və Ukrayna münasibətləri normal olduğu halda rəsmi Kiyevin sözügedən mövqeyi tədbir istiqamətindəki çalışmalarımıza kölgə sala bilər. Bütün hallarda ümid edək ki, COP29 sammitində Putin deyil, digər ölkə rəsmiləri iştirak etsin. Beləliklə, Ukraynanın bu çağırışlarının əhəmiyyəti qalmayacaq. Sammitin normal qaydada baş tutması Azərbaycanın imicini, nüfuzunu artıracaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: