Polish 20240924 200419345

Xəbər verdiyimiz kimi 30 sentyabr-4 oktyabr tarixində Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası keçiriləcək. Sessiya gündəliyinin layihəsinə qondarma “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində vəziyyətin pisləşməsi” mövzusunda təcili debatların keçirilməsi sorğusu da daxil edilib.

Rəsmi Bakı insan haqlarının pozulmasında suçlanır, demokratiyanın olmamasında ittiham edilir. Təsadüfi deyil ki, Qərb təzyiq etməyə çalışdığı bütün ölkələrə qarşı demokratiya, insan haqları söz azadlığı və s. “silahla” hücum edir. Halbuki əksər Avropa ölkələri müstəmləkəçilik məşğul olublar, bu gün də o siyasət aşağı-yuxarı davam etdirilir.

Rəsmi Bakının cavabı nə olacaq?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, insan hüquqları və demokratiya daima Qərbin əlində başqa ölkələrə qarşı silah rolunu oynayıb:

hikmet babaoglu

Hikmət Babaoğlu

“İnsan hüquqları və demokratiyanı istismar silahına çevirmək böyük siyasi eybəcərlikdir. Uiniston Çörçil deyirdi ki, demokratiya bizim uzaq vuran topumuzdur. Avropadan kənar istənilən hədəfi onunla çox rahat vura bilərik.

Bu gün Qərbin demokratiya və insan hüquqları silahlarının Azərbaycana tuşlanması təsadüfi deyil. Rəsmi Bakını siyasi şantaja məruz buraxaraq onun üzərində təzyiq yaratmağa çalışırlar”.

Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycanda sabitliyi pozmağı və qarışıqlıq yaratmağı hədəfləyiblər:

“Bunun səbəbi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyi bərpa etməsidir. Bu Qərbin planlarına daxil deyildi. Başda ABŞ və Fransa olmaqla, Qərb koalisiyasının xeyli sayda siyasi mərkəzləri Ermənistan-Azərbaycan münaqişəsinə beynəlxalq hüquq eynəyi ilə baxmırdılar. Tam əksinə ermənilərin təəssübkeşi kimi çıxış edir, status-kvonu qorumağa çalışırdılar. AŞPA-da qlobal imperializmin alətlərindən biridir. Onun qəbul etdiyi qərarlara əhəmiyyət verilmir. Azərbaycana qarşı daim hücumlarına da öyrəşmişik”.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, AŞPA-nın bu tədbirinin Azərbaycan üçün zərrə qədər də əhəmiyyəti yoxdur:

fazil 2

Fazil Mustafa

“Azərbaycan onların fikrinə əhəmiyyət versəydi, torpaqlarını işğaldan azad edə bilməzdi. Azərbaycan öz şəxsiyyətli duruşu ilə istənilən beynəlxalq gücün qarşısında mövqeyini qorumağa hazırdır. Bu mənasız müzakirələrdir. Rəsmi Bakı olmayan yerdə necə məhkəmə keçirə bilərlər? Belə absurd anlayışı Avropa demokratiyasında qəbul edirlərsə, bu gülünc yaradan məqamdır. Həm Azərbaycanı uzaqlaşdırırlar, həm də Azərbaycan məsələsini müzakirə edirlər. Burda qəbul edilən qərarı kim sayacaq? O Azərbaycan üçün sadə kağızdan başqa birşey olmayacaq. AŞPA-nın ölkəmizə düşmən olan ölkələrin rəsmi Bakıya qarşı çıxış etməsi üçün meydan yaratması nə dərəcədə demokratik prinsiplərə uyğundur? Bu iclasda Azərbaycandan kim özünü müdafiə edəcək? Onların yalanlarını kim ifşa edəcək? Adi bir məhkəmədə belə hər iki tərəfin fikri dinlənilir”.

Fazil Mustafa qeyd edib ki, Azərbaycan AŞPA-nın son addımlarını tamamilə qərəzli, ermənipərəst mövqeyin pərdələnmiş forması kimi qiymətləndirir:

“Erməniləri müdafiə etdiklərini, özlərinin də işğalçı zehniyyətdə olduqlarını və belə addımları dəstəklədiklərini açıq şəkildə göstərə bilmədikləri üçün Azərbaycanı hədəfə gətirməyə çalışırlar. Mənasız, boş və nəticəsi olmayan addımlardır. Bu addımları Azərbaycan tərəddüd etmədən heçə sayacaq”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə məsələyə belə yanaşıb:

Ceyhun Məmmədov 1

Ceyhun Məmmədov

“Özünü demokratiyanın beşiyi, yuvası kimi təqdim etməyə çalışan Qərb dövlətləri insan hüquq və azadlıqlarının ən böyük pozucularıdır. Başqa ölkələri işğal etmək, öz ərazilərində yaşayan insanları bu prosesə cəlb etmək istiqamətində atılan addımları görürük. 30 il ərzində Ermənistana qarşı heç bir fəaliyyət göstərməyən, rəsmi İrəvanın Azərbaycana düşmən mövqeyini pisləməyən dövlətlər indi Azərbaycana qarşı insan hüquqları ilə bağlı müraciət edirlər. Niyə onlar Ermənistanın 10 min kvadrat km ərazimizi dağıtmasına reaksiya vermədilər, rəsmi İrəvana sanksiya tətbiq etmədilər? Bu gün Azərbaycana qarşı açıq-aydın belə addımlar atmağa çalışırlar”.

Ceyhun Məmmədov deyib ki, onlar müstəmləkə siyasəti yürdürdülər:

“Azərbaycanı belə məsələlərdə ittiham etməyin heç bir əsası yoxdur. Bu dövlətlərin hər birinin tarixi qaranlıqdır. Müsəlmanlara qarşı hansı münasibətin sərgiləndiyinin şahidi oluruq. Ölkəmizə qarşı da təxribatlar davam etdirilir. Bu kimi mövzular müzakirə edilməlidir. Demokratiyanı əllərində bayraq edib müsəlman ölkələrində tərbiyyəsizliyi, əxlaqsızlığı yaymaq, LGBT-ni dəstəkləmək insan hüquq və azadlıqlarını dəstəkləmək demək deyil. Belə yanaşmalar Azərbaycana təsir etməyəcək. Rəsmi Bakı öz haqlı mövqeyindən geri dönməyəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: