Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistan-Azərbaycan sülh müzakirələri haqda danışıb. O, Ermənistanı İkinci Dünya müharibəsində məğlub olan faşist Almaniyası ilə müqayisə edib. Prezident bildirib ki, o vaxt Berlinə heç kim sülh müqaviləsi təklif etməmişdi, kapitulyasiyaya uğrayana faşist dövlət cəzalandırıldı.
Dövlət başçısı Vaşinqtonun İrəvana 250 milyon dollar ayırdığını vurğulayaraq qeyd edib ki, Ermənistan o puldan öz daxili məqsədləri üçün istifadə edəcək, qənaət olunan məbləğə isə silah alacaqlar.
“Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu da ləğv olunmalıdır”, – İlham Əliyev parlamentdə bildirib.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Ermənistan 30 illik işğal dövründə və sonrasında faşist ideologiyasının təzahürlərinin daşıyıcısı olduğunu göstərdi:
“Azərbaycanın ərazi bütövlüyünü hədəf alan çıxışlar və işğal etdiyi torpaqlarımızda həyata keçirdiyi vandallıqlarla bunu aydın şəkildə sübut edib. Amma təəssüf ki, işğala və işğalçıya qarşı beynəlxalq hüququn konkret tələblərinin nəinki yerinə yetirilmədiyini, əksinə Ermənistanın işğalçılıq ideologiyasının “himayə” edildiyini görürük.

Aytən Qurbanova
Müxtəlif güc mərkəzləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı ədalətli addımlara münasibətdə qərəzli və tamamilə etinasız mövqedən çıxış edirlər. Onlar tarixi təcrübədən irəli gələrək Ermənistanın hərbisizləşdirmək və cəzalandırmaq prinsipləri ilə mühakimə olunmasını gözardı etməyə çalışırlar. Halbuki soyqırımı və digər müharibə cinayətlərinin cəzalandırılması üçün beynəlxalq hüququn ayrı-ayrı müddəalarında təsbit olunduğu kimi beynəlxalq tribunal qurulmalıdır”.
Politoloqun sözlərinə görə, anoloji olaraq faşist Almaniyasına münasibətdə tətbiq edilən cəza mexanizmi bu məsələdə presedent ola bilər:
“Ancaq biz hər zamankı kimi qlobal sistemdə ikili standartlar və ədalətsiz yanaşma müşahidə edirik. Necə ki, otuz ilə yaxın davam edən işğal dövründə beynəlxalq ictimaiyyət “görmürəm, eşitmirəm, bilmirəm” prinsipindən çıxış edərək “məzlum” Ermənistan obrazı yaratmağa çalışırdı, bugün də eyni mövqe ilə İrəvanı himayə edirlər”.
Turan Rzayev
Globalinfo.az