Uzun müddətdir, davam edən Rusiya-Ukrayna müharibəsi rəsmi Kiyevin təxminən bir aya yaxındır, Kursk istiqamətində irəliləyiş əldə etməsi ilə ciddi şəkil aldı.
Ukrayna ordusu Rusiyanın içlərinə doğru irəliləyir. Dronlarla Rusiya bombardmançı təyyarələri vurulub. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, ordu Kurskda 1294 kvadrat kilometr əraziyə, ümumilikdə 100 yaşayış məntəqəsinə nəzarət edir. Digər tərəfdən Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Saratov vilayətinə “Bober” PUA-ları ilə hücum etdiyi ilə bağlı da məlumatlar var.
Bu, müharibənin gedişinə necə təsir edəcək? Ukrayna başqa hansı cəbhə xəttini yaracaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Ukrayna savaşı ətrafında yaranmış situasiyanın iki səbəbi var:
“Birincisi, Qərbdə bəzi siyasi dairələr, Co Bayden administrasiyası əslində Donald Trampın hakimiyyətə gəlməsi ehtimalına hazırlaşır. Çünki Tramp Ukrayna savaşını bir gün ərzində dayandıracağını və Rusiyanın qüruruna toxunmayan şərtlər çərçivəsində sülh müqaviləsinin imzalanmasına çalışacağını bəyan edib.
Bu da Ukrayna hakimiyyətində və Qərb siyasi dairələrində ciddi narahatlıq doğurmuşdu. Tramp Rusiyanı NATO üzərində qalib vəziyyətə gətirə bilər.
Elçin Xalidbəyli
Ona görə də indidən həmin dövrə hazırlıq prosesi gedir. Ukrayna və Qərb siyasi dairələri Rusiya ərazisində bəzi bölgələri hərbi nəzarət altına almaqla Trampın hakimiyyətə gəlməsindən sonrakı dövrdə sülh danışıqlarında rəsmi Kiyev və Qərbin əlini möhkəmləndirmək niyyəti güdürlər. Çünki indiki situasiya Rusiyanın irəli sürdüyü, israr etdiyi sülh şərtlərini demək olar ki, sıradan çıxarır. Bu vəziyyət ilin sonuna qədər davam edərsə, sülh masasında Kiyev Ukraynanın bütün ərazilərinin Rusiya qoşunlarından təmizlənməsinin əvəzi olaraq, Kursk və digər nəzarət etdiyi əraziləri boşaltmaq təklifini irəli sürə bilər. Yəni ərazi mübadiləsi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsinə çıxılmasına nail ola bilər. Bu olduqca önəmli, strateji, taktiki addımdır. Baş tutarsa, Ukrayna daha sərfəli şərtlərlə müharibədən çıxacaq”.
Politoloq ikinci səbəbin daha çox Bayden administrasiyasının seçki maraqlarının ön plana keçməsi ilə əlaqəli olduğunu düşünür:
“Bayden administrasiyası Kamala Harrisin seçkilərdə Donald Trampa qalib gəlməsi üçün Rusiyanın Ukrayna savaşında ciddi şəkildə məğlub vəziyyətə salınmasını PR-a çevirmək niyyətindədir. Ona görə də seçkiyə 2-3 ay qalmış Ukrayna ordusuna lazım olan silah-sursatı verib, savaşı Rusiya ərazisinə keçirməsinə imkan yaratdılar. Bu situasiya ABŞ cəmiyyətində müsbət reaksiyalar doğurur. Sözügedən reaksiyalar sonradan Kamala Harrisə seçkilərdə səs olaraq geri dönə bilər. Çünki Bayden administrasiyası ABŞ və beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyir ki, müharibəni Rusiya ərazisinə keçirmək mümkün idi və Moskvanın potensialının sıradan çıxarılması istiqamətində kifayət qədər ciddi addımlar atmaq qabiliyyətinə malikdir. Situasiyanı Qərbin xeyrinə dəyişməklə əhval-ruhiyyəni də dəyişmiş oldu. Kursk ətrafında baş verən hadisələrdən Bayden administrasiyası seçkilərdə təbliğat-təşviqat predimenti kimi istifadə edəcək. Ukrayna müharibəsi ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər davam edəcək”.
Safura Bənnayeva
Globalinfo.az