İranın mərhum prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı müzakirələr davam edir. Son məlumat belə idi ki, qəzaya səbəb hava şəraiti və artıq yük olub.
Sonradan ikinci amil – əlavə iki nəfərin hava maşınında olması, bu səbəbdən lazımı yüksəkliyi qalxa bilməməsi versiyası təkzib olunub. Buna baxmayaraq, Rəisinin həlak olduğu qəza ilə bağlı hələ də müxtəlif şübhələr var.
Mövzunu Globalinfo.az-a şərh edən şair, araşdırmaçı jurnalist Həmid Herisçi deyib ki, adətən texnogen qəzalarının təbii səbəbləri sonradan xüsusi tədqiqat komissiyaları tərəfindən yaxşıca öyrənilir.
Onun fikrincə, sonra bu təcrübə süni şəkildə təkrarlanır:
“Bu, düşmən təyyarələrinin düşürülməyinə xidmət edir. Köhnə qəzanın səbəbləri indi təbii kimi göstərilir… Keçək detallara. 1981-ci ilin 7 fevralında Leninqrad-Vladivostok marşrutu ilə uçan TU-10A təyyarəsinin qəzası nəticəsində SSRİ-nin 16 dəniz admiralı və generalı, 12 üst zabiti həlak olmuşdu. Səbəb gülməli idi – təyyarənin yüklüyünə ağır tonnajlı qəzet rulonu qoyulubmuş. Uçuş zamanı o yerindən oynamış, aerodinamika qanunlarını pozaraq təyyarəni qəzaya uğratmışdı. Qəza bütün Sakit Okean donanmasını başsız qoymuşdu.
Həmid Herisçi
Çox sonra isə biz mərhum Orxan Camalla bu cinayətin izinə düşdük. Oxşar hadisəni Qərbdə tapdıq. 50-60 il öncə ABŞ-da belə oxşar qəza baş vermiş, orada da bir ağır qəzet rulonu yerindən tərpənərək təyyarəni qəzaya uğratmışdı. Qəzanın səbəblərini aydınlaşdıran komissiya üzvlərindən biri görünür, sadə adamlardan deyildi. Missiyası bu cür ssenariləri öyrənib sonradan başqa ünvanlarda təkrarlamaq idi. Təcrübə 1981-ci ildə həyata keçirilir. Təbii texnogen qəza ssenarisi dönür təxribat əməliyyatına”.
H.Herisçinin sözlərinə görə, İbrahim Rəisinin ölümünü tədqiq edərkən də bu cür hərəkət etmək lazımdır:
“İlk olaraq bu qəzanın oxşarını, ilkini tapmaq vacibdir. İlk nümunə, oxşar qəza tapılınca, kələfin ucu özü bizi qatillərin dəqiq ünvanına gətirəcək. Düzü, qəza ilə bağlı cinayət işi İranda iki həftə gecikməklə, ancaq iyun ayının 12-də qaldırılıb. Özü də yalnız Ədliyyə Nazirliyi xətti ilə. Həm də prezident seçkisi finiş xəttinə çıxarkən. Görünür, bəzi məlumatlar namizədlərə – Səid Cəlili ilə Məhəmməd Bagir Qalibafa təzyiq kimi istifadə edilib. Çünki hər iki namizəd Ali Təhlükəsizlik Şurası fəallarından, kadrlarındandır. Bu qurum isə Rəisinin ölümü ilə bağlı tədqiqata start verməyib. Ədliyyə Nazirliyi də bu işə imza atıb. Niyə? Hə, bu sualın cavabı görünür, çox qəlizdir”.
Zaira Akifqızı
Globalinfo.az