756458094799776

Albaniyanın Baş naziri Edi Rama WELT nəşrinə verdiyi müsahibədə qeyd edib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) standart yollarla qoşulacağı yönündə verilən vədlər qeyri-realdır, ona görə də Brüssel yanaşmasını dəyişdirməli və Kiyevlə indi ümumi masa arxasında görüşməlidir.

E.Rama Ukraynanın birliyə standart prosedur vasitəsilə qəbul edilməsinin və bütün rəsmi meyarlara cavab verməsinin praktik olaraq mümkün olmadığı söyləyib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Edi Ramanın açıqlaması, əslində, Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı mövqe kimi deyil, Aİ-nin mövcud genişlənmə mexanizminə yönəlmiş sərt tənqid kimi qiymətləndirilə bilər:

“Rama hesab edir ki, bütün danışıqlar fəsillərinin açılması, islahatların tamamlanması və üzv dövlətlərin razılığının alınmasını nəzərdə tutan klassik prosedur Ukrayna kimi müharibə şəraitində olan ölkə üçün həddindən artıq uzun və mürəkkəbdir. O, buna görə Kiyevin indidən Aİ ilə daha sıx şəkildə qərar və müzakirə proseslərinə cəlb edilməsini, tam üzvlüyün isə konkret nəticə və nailiyyətlər əsasında verilməsini təklif edir. Eyni zamanda Rama sırf geosiyasi səbəblərlə üzvlük meyarlarının yumşaldılmasını da müdafiə etmir.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva

Bu açıqlama Aİ daxilində daha geniş bir problemi də gündəmə gətirir: Ukraynanın üzvlüyü təkcə Kiyevin islahatlarından deyil, İttifaqın özünün institusional dəyişikliklərindən də asılıdır. Xüsusilə qərarların bloklanması imkanları və genişlənmədən sonra Aİ-nin effektiv işləməsi ilə bağlı müzakirələr davam edir; Rama da veto hüququnun ləğvini müdafiə edir. Digər tərəfdən, Brüssel Ukraynadan siyasi və iqtisadi islahatların davam etdirilməsini tələb edir və maliyyə dəstəyinin bir hissəsini konkret islahat meyarlarının yerinə yetirilməsi ilə əlaqələndirir. Buna görə Ramanın bəyanatı “Ukrayna Aİ-yə qəbul edilməyəcək” hökmündən daha çox, mövcud qəbul modelinin dəyişdirilməsinə dair siyasi çağırış kimi oxuna bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: