ordu 1

“ADEX 2026” sərgisində Azərbaycan Silahlı Qüvvələrinin yeni silahları nümayiş olunub. Onlardan bəziləri ilk dəfə təqdim edilib. Bu silahların əldə edilməsi Azərbaycanın təhlükəsizlik və güclü ordu məsələsinə xüsusi diqqət etdiyini göstərir. 

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda bir sıra qələbələr əldə edib:

“Bütövlüyünü və suverenliyini tam bərpa edib. Amma bütün bunlara baxmayaraq, ordumuzun qarşısında duran vəzifələr tam başa çatmayıb. Çünki hələ də dörd kəndimiz Ermənistanın işğalı altındadır. Zəngəzur dəhlizinin açılması prosesi artıq altıncı ildir ki, ölü nöqtədən tərpənmir. Ermənistan tərəfi yalnız bəyanatlar səsləndirir. Real olaraq isə ərazidə yol və dəmir yolunun bərpası ilə bağlı hər hansı ciddi fəaliyyət həyata keçirilmir. Digər tərəfdən, həm şimalda, həm də cənubda böyük münaqişələr və müharibələr davam edir. Yaxın Şərqdə də vəziyyət kifayət qədər qeyri-sabitdir. Belə bir şəraitdə Azərbaycan regional güc ölkəsindən orta güc dövlətinə istiqamətlənmiş fəaliyyət həyata keçirir. Buna görə də orta güc dövləti kimi öz döyüş potensialımızı və hərbi imkanlarımızı yüksək səviyyədə saxlamaq məcburiyyətindəyik. Bu baxımdan, Azərbaycan xarici ölkələrdən silah asılılığını aradan qaldırmaqdadır. Həmçinin yerli və milli imkanlar hesabına yeni nəsil silahlar istehsalı və onların dost, müttəfiq, tərəfdaş ölkələrə ixracı istiqamətində qərarlıdır”.

edalet 1681289097

Ədalət Verdiyev

Ekspert bildirib ki, Ermənistanda hazırda səsləndirilən bəyanatlar əsasən sülhə istiqamətlənib:

“Amma ölkədəki müxalifət qüvvələri kifayət qədər Azərbaycan əleyhinə ərazi iddiaları səsləndirir və revanşa meyllidirlər. Hətta Azərbaycanı müharibəyə çağıran qüvvələr də Ermənistanda mövcuddur. Belə bir vəziyyətdə biz potensialımızı və Silahlı Qüvvələrimizin imkanlarını daim yüksək səviyyədə saxlamalıyıq. Hərbi planlarımız əsasən düşməni Azərbaycana qarşı hər hansı fəaliyyətdən çəkindirməyə hesablanıb. Düşmən bilməlidir ki, Azərbaycana qarşı onun real şansı yoxdur, revanşizm təhlükəli və ağır nəticələrə səbəb ola bilər. Bu mesajı vermək üçün ordumuzu daha üstün imkanlarla təmin edirik. Başqa sözlə, düşmənlə müharibə aparmaqdansa, onu bu cür əməllərdən çəkindirmək daha doğru yanaşmadır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: